Dəyişən fəsillər və ədəbi nəsillər

post-img

“Dostunu söylə, sənin kim olduğunu deyim“də olduğu kimi, “Ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”də də həqiqət payı umduğumuzdan daha çoxdur.

Xalqın yaşam boyu azadlıq mübarizəsi hardasa həyat müstəvisində vəznlər qovğasıyla paralel getmişdir. Ortaq ədəbiyyatlarımızın başlanğıc örnəklərini üstündə barındıran yeddinci yüz ilin bəngü daşlarındakı Göktürk ədəbi örnəklərinin heca vəznində yazıldığını bilməyən yoxdur. Belə baxıldığında dünyadakı çox şeylər kimi, ədəbi vəznlərin də öz tarixi yaşamı missiyasını başa çatdıra bilmək haqqı var. Heca vəzni hələ öz tarixi missiyasını başa çatdıra bilməmiş, başının üstünü əruz kəsdi və hardasa hecanın ifadə imkanları yarımçıq qaldı. Ərəb istilası özüylə bərabər əruz vəznini də gətirdi. Əruzun ahəngə və gücə dayanan əzici üstünlüyü ilə heca vəzni ikinci plana çəkilib, yalnız aşıqların və el şairlərinin çabaları ilə yaşamını sürdürməyə çalışdı (Bunu demək lazım gəlir ki, heca hər zaman milli oyanışın və dərkin gərəkli olduğu zamanlarda ədəbiyyat meydanında yerini alır).

On səkkizinci əsrdə, qumsalda batan su kimi, hecanın yenidən gün üzünə çıxışı, geri dönüşüylə ədəbiyyatımızda əruzun təkbaşına hegemonluğuna yavaş-yavaş son verilir. Bu ikili vəzn paraleli hardasa iyirminci əsrin əvvəllərinə qədər davam edir.

Sonra vəznlər hardasa yer dəyişdirir və birincilik hecaya keçir. Bu dönəmə qədər bir çox klassiklərimizin əzmiylə əruz vəzni, demək olar ki, özünün bütün ifadə imkanlarını tükətmiş durumda idi. Çünki bu vəzn, başqa dillərdə demirəm, türkcəmizdə Nəsiminin, Füzulinin, son yüzilliklərdə Şirvaninin, M.Sabirin, H.Cavidin, Şəhriyarın, qismən də olsa Vahidin şəxsində özünü hər yönüylə təsdiqləmiş və tükətmişdi. Yaşı çox olsa da, eyni şeyi heca vəzni üçün söyləmək yanlış olardı. Çünki aradan keçən bunca zaman ərzində heca vəzni özünüifadə imkanlarını hələ tam anlamıyla açmamış, aça bilməmişdi. Bütün bu açılmamış imkanlar qala-qala bu dəfə də Rusiya və Türkiyə üzərindən keçib gələn Avropa ədəbi rüzgarlarının təsiri ilə Azərbaycan şeirinə yeni bir vəzn – sərbəst – calaq edilməyə başladı. Buradaca F.Dostoyevskinin bir məlum fikrini xatırlatmaq yerinə düşərdi. Dostoyevski ədəbiyyatda, mədəniyyətdə, dövlətçilikdə hər yönü ilə Avropanı yamsılayıb onun arxasınca sürünən məmləkətinin halına acıyaraq belə yazırdı: “Mən bilmirəm, biz niyə Avropanın quyruğundan yapışıb Avropada sonuncu dövlət olmağa çalışırıq. Bu quyruğu buraxsaq, Asiyada birinci dövlət olarıq...”

Bu fikri yazmaq məqsədim özlüyündə aydındır: Qərbdən gələn nə varsa kor-koranə təqlid etmək haçandan yenilik yaratmaq olub? Tarixdə bu gedişatın əksini isbatlayacaq o qədər örnəklər var ki: Makedoniyalı İskəndər hərbi qənimət adına Hindistandan qızıl, gümüş yerinə filosofları Avropaya gətirməklə tarix səhifələrində yerini almışdır. Yunan və Alman fəlsəfəsinin təməlində Şərq düşüncəsi, Hind təfəkkürünün bəhrələri dayandığını bilməyən varmı? Hələ mən Avropa renesansının başlanğıcı olan Əndəlüs İslam kültürünü demirəm. Ya da “Dünya ədəbiyyatı” qavramını dünya ədəbiyyatına qazandıran Hötenin sonralar ustadı kimi qəbul etdiyi Hafizi ana dilində oxumaq üçün fars dilini öyrəndiyini xatırlatmaq yerinə düşərdi. Onun dünyaca ünlü “Şərq-Qərb” əsəri Avropada Şərq düşüncəsinin necə yansımasına həsr olunub.

Adamlar kimi, beləcə bəzən mədəniyyətlərin, vəznlərin də bəxti gətirmir. Bunu bir baxımdan, ədəbi nəsillərə də aid etmək olar. Çox vaxt belə nəsillərin imzalarını tanımaları və sevdirmələri tarixin “başını itirdiyi”, böhranlı dövrünə düşür. Halbuki ya on il əvvəl, ya da on il sonra doğulsaydılar, bəlkə ədəbi taleləri beləcə laqeydlik burulğanına düşüb burulmazdı. Bunun günahını harada axtarsaq da, onların özlərində axtarmağa haqqımız yoxdur.

Dünya ədəbiyyatına, xüsusilə də Rus ədəbiyyatı tarixinə nəzər salsaq, hər əsrin başarılı “altmışıncılar” nəslinin olduğunu görürük. Bizim ədəbiyyatda da altmışıncı illər nəslinin yaratdığı ədəbi məhsullar hələ də ədəbi tənqidin araşdırma hədəfindədir. Bəlkə sonrakı ədəbi nəsillərin “altmışıncılara” qısqanclığı da bu maraq dairəsinə görədir. Qısqanclıq sadəcə sonrakı nəsillərdə deyil, elə “altmışıncılar”ın öz içində də var. İş o yerə çatıb ki, bu nəsildən olanların bəziləri “altmışıncılar” nəslinin siyahısını tutarkən kəndi simsarlarını, işlərinə yarayanları ön plana çəkməkdən belə, çəkinmirlər. Sanki “altmışıncılar” nəslinə mənsub olmaq əbədiyyətə “putyovka” almaq kimi bir şeymiş. Belə siyahıyaalmaların ədəbi tarix qarşısında bir qara qəpiyə dəymədiyini, ən azından, yaxın tariximizə nəzər salaraq görmək olar. Bir zamanlar adı ədəbi siyahılara əsla salınmayan, süni yollarla unutdurulmağa çalışılan M.Müşfiqlər, Ə.Cavadlar, xüsusilə Abbas İldırım kimi sənətkarlarımız mənsub olduqları nəslin “döşü ordenli ədəbiyyatçılar”ının önünə keçib ilk sıralarda haqlı yerlərini aldılar. Həm də bunu insanlar yox, anası ölmüş tarixin özü yerbəyer elədi. Bu acı təcrübə, nə yazıq ki, tez unudulur.

Yuxarıda da dediyim kimi, ədəbiyyata altmışıncı illərdə gələnlər mənsub olduqları ədəbiyyatın “Altın çağ”ına şahidlik edirlər. Əsrin “yorulmuş” səksən-doxsanıncı illərində ədəbiyyata gələnlərin qismətinə ya ədəbiyyatın “gümüş çağ”ı, ya da unudulmuşluq düşür. Əsrin əvvəlində ədəbiyyata gələnlər isə bir öncəki nəsillərdən daha şanslıdırlar, yeni doğulmuş uşaq dünya və həyat növbəsində necə ildırım sürətiylə böyüyüb özlərini təsdiqə can atırsa, yenicə yaşamağa başlayan əsrin özü kimi bu çağın ədəbi nəsilləri də eyni missiyanı həyata keçirirlər. Bugündəki Azərbaycan ədəbi mənzərəsinə baxsaq, XXI əsrin əvvəlində ədəbiyyata gələnlərin nə qədər ədəbi tale baxımdan şanslı olduqlarını görərik. Halbuki “ara ədəbi nəsillər” adlandırdığımz ədəbiyyat adamlarından onları, olsa-olsa, 15–20 il ayırır.

Çağımızda bir-birinin boynunun ardını isidə-isidə ədəbi üfüqlərin zəbtinə doğru yol gedən nəsillərin hamısının bir ortaq düşməni var, o da şeirə, sənətə qarşı kütləvi laqeydlik sindromudur! Amma belə baxanda bu bəla ədəbiyyatın insanlığın həyatına daxil olduğu aşağı-yuxarı bütün zamanların bəlasıdır.

XIX yüz ilin qırxıncı illərində Belinski təəssüflə yazırdı ki, poeziya publikanın nəzərində bütün dəyərlərini itirib, jurnallar şeiri könülsüz çap edir, bəzən də heç çap etmir, çünki şeir kitablarına həvəs sıfıra enib.

Bütün bu gəzişmələri etməkdə məqsədim nədir? Şeirə, sənətə laqeydliyin bir səbəbi dünyanın paraya-pula, maddiyyata bağlı gedişatı, məqsədli şəkildə sənətin kütləviləşdirilməsinə canatımdırsa, o bir tərəfi isə birbaşa yazı-pozu əhlinin özü və sözü ilə bağlıdır.

İmkanım çatdığı qədər Türkiyə, Rusiya, Azərbaycan mətbuatını izlədiyimdən deyə bilərəm ki, Azərbaycandakı qədər, haqqı oldu-olmadı, vəzifəli, imkanlı, paralı-pullu “qələm sahiblərinə” “bəy tərifi”ni heç yerdə görmək mümkün deyil.

Son illərdə Azərbaycandan Türkiyəyə, heç Azərbaycanda düz-əməlli tanınmayan, “şair”, “jurnalist” qadınların axını başlayıb. Hansı televiziya kanalını açırsan, ekrandan oturana-durana aman verməyən süslü-püsli bir xanıməfəndi başını çıxarır, hansı şeir şöləninə gedirsən, orada da eyni bəla keçərlidir. Şüar söyləyib əl çaldırmaq yarışına girən bu xanımlar ölkəmizin imicinə vurduğu zərərin bəlkə də fərqində deyillər. Bu yaxınlarda Kayseri şəhərində keçirilən şeir şöləninə dəvət almışdım, içimdə tək bircə istəyim vardı, kaş orada yenə bizim “şair” xanıməfəndilərlə qarşılaşmayım. Amma qorxan gözə çöp düşdüyünü bilməliydim. Çoxdan tanıdığım və yaşının səksən ikisində belə, yazılarından yenilik ehtirası fışqıran Bahəddin Qaraqoç da şeir şöləninə gəlmişdi. Kayseridəki radio verilişlərinə və jurnal redaksiyalarına birlikdə gedəcəkdik. Arada, Azərbaycandan gələn şairlərdən giley edəcəkdi: “Sizinkilərə söz verildimi, iki saat səhnədən düşmək bilməzlər, sizinkilərdə bu nə xəstəlikdi bilmiyorum yahu!”

Bahəddin bəyə etiraz etmək istəsəm də, etmədim, qarşıda şeir gecəsi vardı və bu şeir gecəsində şair olmayan xanıməfəndimizə də söz veriləcəkdi və inanırdım ki, o da B.Qaraqoçun ümidin “doğruldacaqdı”. Düşündüyüm kimi də oldu. Gecənin aparıcısı şeir şölənininə qatılanların sayının çox olduğunu nəzərə alıb vaxtı uzatmamağı, bir, ya da iki şer oxumağımızı söyləmişdi. Amma kimə deyirsən, məclisin şıdırğı yerində söz verilən bizim bir xanıməfəndi özü boyda bir çanta ilə tribunaya çıxıb səsinə ayrıca bir artist məlahəti qataraq, suvenirlər paylamağa, sonra da nitq irad etməyə başladı. Əlbəttə, bu rəzalətin davamını yazmayacağam. Sadəcə onu deyim ki, az qala, bir saata qədər uzanan, içində sənət adına heç nə olmayan bu “nitqin” məclisdəki şairlərə necə təsir etdiyini görməmək üçün başımı aşağı salmaqdan başqa bir əlacım qalmamışdı. Amma xeyri nəydi, başını kola soxan “qırqovul”un “quyruğu” tribunada meydan sulayırdı. Qanımın qaraldığını görən yanımdakı şairlərdən biri: – “Hocam, hiç canını sıkma, – dedi, – biz bu “xanıməfəndinin” bu tür nutuklarına alışığız. Hər yerdə aynı şeyləri söylər, aynı sloqanları atar”.

Bu yazımda uzun-uzun belə can sıxan hadisələrə yer ayırmağımın səbəbi nədir? İlk baxışda xırda şey kimi görünən belə hadisələr vurdumduymazdan gəldiyimizə görə ədəbiyyatımıza, mədəniyyətimizə vurulan zərbələrdir. Bir dəfə demişdim, bir də təkrarlayım ki, millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur. Azərbaycanı xaricdə təmsil məsələsində çox diqqətli davranılmalıdır, çünki bir adamın yanlışlığı bütün bir xalqın ünvanına yazılır, bir adam az deyil, milyon adam çox! Və bir də var olmaqla deyil ki, gərək varis də olsun!

(ardı var)

Məmməd İSMAYIL

Mədəniyyət