Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunda Rusiyada yaşayan tanınmış azərbaycanlılarla görüşlər üçün platforma olacaq yeni "Nəzər nöqtəsi" layihəsi start götürüb.
Layihənin məqsədi Azərbaycan icması nümayəndələri arasında açıq dialoq qurmaq, milli mədəniyyətimizi təbliğ etmək və soydaşlarımızın aktual məsələlərini müzakirə etməkdir.
Layihə çərçivəsində ilk qonaq Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev olub. Qonaqlar arasında Azərbaycan ziyalıları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, Moskva universitetlərində təhsil alan gənc soydaşlarımız, həmçinin Rusiya ictimaiyyətinin nümayəndələri olub.
Azərbaycan pavilyonunun direktoru Səadət Qədirova “Nəzər nöqtəsi” layihəsinin fikir mübadiləsi, Azərbaycan icmasının inkişaf perspektivləri və Rusiya–Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi üçün platforma kimi əhəmiyyətini vurğulayıb. Görüş zamanı milli kimliyin qorunması, mədəniyyətlərarası əməkdaşlıq, gənclərə məxsus təşəbbüslərin və təhsil proqramlarının dəstəklənməsi məsələləri müzakirə olunub. İştirakçılar Azərbaycan və Rusiya universitetləri arasında əməkdaşlığa, həmçinin mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət ayırıblar.
Səfir Rəhman Mustafayev layihənin təşkilatçılarına və görüş iştirakçılarına fəal mövqelərinə görə təşəkkürünü bildirib, xaricdəki Azərbaycan icmasının birləşməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin belə təşəbbüslərin Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib və soydaşlarla açıq dialoqa hazır olduğunu bildirib. Görüş zamanı R.Mustafayev Azərbaycan–Rusiya münasibətlərinin hazırkı vəziyyəti, dünya siyasəti və iqtisadiyyatının aktual məsələləri üzrə rəsmi Bakının mövqeyi, səfirliyin Rusiyadakı Azərbaycan icmasının səylərinin birləşdirilməsi üzrə həyata keçirdiyi layihələr barədə danışıb.
XQ