Daşkənddə mədəni əməkdaşlıq razılaşması

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədə əsasən, tərəflər iki ölkənin aidiyyəti qurumları arasında mədəniyyət, incəsənət, musiqi, təhsil, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.

Memorandumda AMM və MMSİ-nin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və s. sahələrə aid dərs vəsaiti, metodiki vasitələr və digər nəşrlərin təminatına dəstək verməsi də nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, milli musiqi sənətinin araşdırılması və inkişafı, musiqi təhsili üzrə mübadilə proqramları, ortaq mədəniyyət festivalları, sərgilər və konsert proqramlarının təşkili də həyata keçiriləcək. İnstitutda “Azərbaycan ocağı”nın yaradılması da nəzərdə tutulur. Mədəniyyət Mərkəzi “Azərbaycan ocağı”nın Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı nəşrlərlə və musiqi alətləri ilə təminatını öz üzərinə götürüb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Mədəniyyət