AMM ilə MMSİ arasında əməkdaşlığa dair Memorandum imzalanıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu (MMSİ) arasında əməkdaşlığa dair Memorandum imzalanıb. 

Sənədi AMM-nin direktoru Akif Marfli və MMSİ-nin rektoru Eldor Şermanov imzalayıblar. 

Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında mədəniyyət, incəsənət, musiqi, təhsil, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.  

Memorandumda AMM və  MMSİ-nin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və s. sahələrə aid dərs vəsaiti, metodiki vasitələr və digər nəşrlərin təminatına dəstək verməsi də nəzərdə tutulur. 

Sənəddə qeyd olunur ki, milli musiqi sənətinin araşdırılması və inkişafı, musiqi təhsili üzrə mübadilə proqramları, ortaq mədəniyyət festivalları, sərgilər və konsert proqramlarının təşkili də həyata keçiriləcək. 

Sənədə əsasən institututda “Azərbaycan ocağı”nın yaradılması da nəzərdə tutulur. Mədəniyyət Mərkəzi “Azərbaycan ocağı”nın  Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı nəşrlərlə və musiqi alətləri ilə təminatını öz üzərinə götürüb.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 



Mədəniyyət