Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib. Söhbət türkdilli ölkələrin iştirakı ilə mürəkkəb quruluşlu bir filmin çəkilişlərindən gedir.
Bu barədə AZƏRTAC-a Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdir Ramilə Qurban məlumat verib.
Onun sözlərinə görə, 6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin-çətin günlərimin dostu” adlı filmin çəkilişləri artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayevdir.
Qırğızıstanda çəkilişlərin həyata keçirildiyini bildirən R.Qurban bildirib ki, növbəti çəkilişlərin Türkiyə, Qazaxıstan və Özbəkistanda aparılması planlaşdırılır: “Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsilə bir araya gətirmək və yəni birlik ideyası dayanır”.
Çəkilişlərə yarım il əvvəl başladıqlarını söyləyən filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının böyük pavilyonunu hazırda boş deyil: “Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora icarəyə götürülüb, dekorlar qurulub və çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiyanı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.