Bakıdakı çəkilişlər aprelə planlaşdırılıb
Azərbaycan TÜRKSOY -un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib. Söhbət türkdilli ölkələrin iştirakı ilə mürəkkəb quruluşlu bir filmin çəkilişlərindən gedir.
6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin-çətin günlərimin dostu” adlı filmin çəkilişləri artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.
Qırğızıstanda çəkilişlər həyata keçirilib. Növbəti çəkilişlər Türkiyədə, Qazaxıstanda və Özbəkistanda planlaşdırılır.
Rejissorun dediyinə görə, əslində, təşəbbüs Azərbaycandan irəli sürülüb.
Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsi ilə bir araya gətirmək, yəni birlik ideyası dayanır.
Bəs Azərbaycanda çəkilişlər nə vaxt olacaq?- sualına Vaqif Mustafayev cavab verdi ki, “Azərbaycanfilm” kinostudiyanın böyük pavilyonu hazırda məşğuldur, boşaldılmasını gözləyirik: “Yarım il əvvəl çəkilişlərə başlamışıq. Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora arendaya götürülüb və dekorlar qurulub çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiynı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.
XQ