ABŞ-da qəzaya uğrayan təyyarənin göyərtəsində rus fiqurlu konkisürənlər də olublar

post-img

ABŞ-da qəzaya uğrayan təyyarənin göyərtəsində sovet və Rusiyanın fiqurlu konkisürənləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, yayılan məlumatlara görə, fiqurlu konkisürmə üzrə ABŞ çempionatının keçirildiyi Uiçito şəhərindən havaya qalxan və Vaşinqtona uçan təyyarənin göyərtəsində Yevgeniya Şişkova və Vadim Naumov da olublar. Qəza təyyarənin Vaşinqton yaxınlığında hərbi helikopterlə toqquşması nəticəsində baş verib.

Yevgeniya Şişkova və Vadim Naumov SSRİ və Rusiya yığma komandalarında cütlük kimi çıxış edib və 1994-cü ildə dünya çempionu olublar. Onların oğlu Maksim Naumov ABŞ millisində çıxış edir və son çempionatda dördüncü yeri tutub.

Hazırda Şişkova və Naumovun vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur. Təbii fəlakətin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub. Son məlumatlara görə, 19 nəfərin öldüyü təsdiqlənib. Dörd nəfər sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Federal Təhqiqatlar Bürosu bildirib ki, hazırda terror aktı əlamətləri aşkarlanmayıb. Xilasetmə əməliyyatları davam edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya