Yanvarın 25-də Bakı sakinlərinə və qonaqlara Çin Yeni ilinin qeyri-maddi mədəni irsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb.
Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao səfirlik adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.
Tədbirin davamında interaktiv əyləncə proqramları, Çin Yeni ilinə özəl mantı bişirmə ustad dərsi və ənənəvi Çin rəqsləri ifa olunub.
Bayram tədbiri paytaxt sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.