Şamaxıda “Sənətkarın dostu” layihəsi çərçivəsində Mələkxanım Eyubova ilə görüş keçirilib

post-img

Yanvarın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, professor, xanəndə Mələkxanım Eyubova ilə görüş keçirilib.

Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində baş tutmuş tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı şəhəri üzrə baş məsləhətçisi Rəfail Tağızadə iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, Bakı şəhəri ilə yanaşı regionlarda olan gənc istedadların da aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.

Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti həyat və yaradıcılığından bəhs edib, muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparıb. 

Tədbirdə Mələkxanım Eyubova və onun tələbələri Rəna Mehrəliyeva, Əvəzxan Əzizov və Teymur Əzizlinin ifasında musiqi nömrələri təqdim olunub. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Vüsal Qasımov (tar), Anar Yusub (kamança) müşayiət ediblər. 

Ustad dərsi formatında keçən görüşdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin 4-cü sinif şagirdi Zəhra Baxışova (müəllim: Nanə Qayıbova, müşayiət: Kənan Əliyev – tar, Nəzrin Cəfərzadə – kamança, Baxış Binyətov – balaban, Eldar Kərimov – nağara) və Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin 2-ci sinif şagirdi Dəniz Bağıyevin ifasında (müəllim: Bayram Hüseynağalı, müşayiət: Kənan Əliyev – tar, Ruhid Allahverdiyev – kamança, Baxış Binyətov – balaban, Eldar Kərimov – nağara) təsniflər səsləndirilib.

Tədbirdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.























Mədəniyyət