2019-cu ildən etibarən Türk Akademiyası (TA) ilə Monqolustan Elmlər Akademiyasının (MEA) Arxeologiya İnstitutu Monqolustanın Arxanqay bölgəsindəki Nomqon vadisində birgə arxeoloji qazıntılar aparır.
TA-dan verilən məlumata görə 2022-ci ildə Nomqon-2 abidəsinə ekspedisiya zamanı digər mühüm tarixi artefaktlarla yanaşı, üzərində qədim türk və soqd əlifbası ilə yazılmış bir daş stelanın yuxarı hissəsi aşkar edilib. Bu yazıların deşifrə olunması nəticəsində mətndən qədim türk əlifbası ilə yazılmış 12 sətir (“Qutluq Xaqan Türk... Tenqri oğlu...”),soqdca mətndən isə 6 sətir (“Qutluq xaqan...”) oxunub. Bu fakt arxeoloji abidənin xaqan memorial kompleksinə aid olduğunu söyləməyə elmi əsas verir.
2023-cü ildə TA və MEA-nın Arxeologiya İnstitutunun birgə apardıqları tədqiqatlar davam etdirilib və adı çəkilən həmin daş stelanın eynilə üzərində yazı olan aşağı hissəsi də aşkar olunub.Lakin təəssüflər olsun ki, daş stelanın üzərindəki qədim türk yazısı xeyli dərəcədə aşınmaya məruz qalıb və o üzdən oxunması, demək olar ki, mümkün deyil. Sevindirici haldır ki, stelanın arxa tərəfində Çin heroqlifləri ilə yazılmış mətn qismən saxlanılıb və oxumaq üçün müəyyən dərəcədə mümkündür.
Aşkar edilən abidə 2024-cü ildə Ulan-Batorda TA və MEA-nın Arxeologiya İnstitutu tərəfindən birgə təqdim olunub. Eyni zamanda, Çin mətninin deşifrə edilməsi üzərində də iş davam etdirilib və bu məqsədlə Daxili Monqolustan Universitetinin (IMU) mütəxəssisləri - professor Borjigitai Muren, Dr. Chui Ning və Dr. Sugar dəvət olunublar.
Stelanın aşağı hissəsindəki qədim Çin mətni yuxarıdan aşağıya doğru yazılıb,sətirlər isə sağdan sola doğru düzülüb. Burada 3-dən 8-dək olan sətirləri qismən oxumaq mümkündür. Stelanın bu hissəsində cəmi 15 sətir vardır ki, onların da hər biri təxminən 24 heroqlifdən (cəmi 290-300 heroqlif) ibarətdir.
Daxili Monqolustan Universitetinin yuxarıda adı çəkilən mütəxəssislərinin səyi nəticəsində 2025-ci ilin yanvarına kimi daş stelanın aşağı hissəsindəki qədim Çin mətninin bir hissəsini oxumaq mümkün olub. O cümlədən, Çin mətninin 4-cü sətrində “türk” sözünü və “Qutluq” titulunu (Çin dilində belə oxunur: “Qu-du-lu”) müəyyən etmək mümkün olub.
Türk Akademiyası və MEA-nın Arxeologiya İnstitutundan məmnunluqla bildirirlər ki, bu kəşf Nomqon-2 memorial kompleksinin qədim türk dövrünə, çox güman ki, İkinci Türk xaqanlığının banisi Qutluq İlteriş xaqanın hakimiyyəti dövrünə (682-692) aid olduğunu bir daha təsdiqləyir.
Türk Akademiyası və MEA-nın Arxeologiya İnstitutunun Nomqon vadisində (Monqolustan) birgə elmi-tədqiqat işləri davam etdiriləcək.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana