“Mücahid ömrü: Məhəmmədsadıq Aran”

post-img

Sosial Tədqiqatlar Mərkəzində (STM) Elməddin Behbudun nəşrə hazırladığı “Mücahid ömrü: Məhəmmədsadıq Aran” kitabının təqdimat mərasimi keçirildi. Bu, Xalq Cümhuriyyəti dönəmində parlamentdə Zəngəzur qəzasını təmsil etmiş yazıçı, jurnalist, mühacir Məhəmmədsadıq Aran haqqında çap olunmuş ilk kitabdır. 

Təqdimatı giriş sözü ilə açan STM-in media və kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirdi ki, ötən yüzillikdə baş verən hadisələrin mahiyyətinə və xronologiyasına nəzər saldıqda diqqət mərkəzində ən mühüm tarixi hadisə kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dayanır. Həmin iyirmi üç aylıq hakimiyyət bütün xarici təhdidlərə baxmayaraq, bir daha dünyaya azərbaycanlıların dövlət qurmaq bacarığını və hökmünü göstərib. Əziz Əlibəyli AXC dövründə və 1920-ci ilin aprelindən sonra dünyanın müxtəlif ölkələrinə səpələnərək yenidən müstəqillik uğrunda mübarizə aparan dəyərli ziyalılarımızdan biri olan Məhəmmədsadıq Aran haqqında kitabın nəşrini mühüm hadisə adlandırdı.

Cümhuriyyət dövrünün tədqiqatçıları professor Ədalət Tahirzadə, Əli Şamil və Dilqəm Əhməd M.Aranın Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və mühacir həyatı yaşadığı dövrlərdəki fəaliyyətinin əsas istiqamətləri, tükənməz mübarizə əzmi və əqidəsinə bağlılığı barədə faktlar söylədilər. 

“Məncə, sovet imperiyası dağılan kimi bu kitab çap olunmalı idi. Digər tərəfdən düşünürəm ki, o dövrdə mənim kimi müəlliflər bu kitabı yazsaydı, sovet senzurası çox hissələri çıxarardı”, – deyən Əli Şamil qeyd etdi ki, Məhəmmədsadıq Aran milli mücadilə tariximizdə böyük rolu olan şəxsiyyət idi. 

Millət vəkilləri Hikmət Babaoğlu, Məlahət Həsənova, Azay Quliyev, Vüqar İsgəndərov M.Aranın mübarizliyindən və əsərlərindəki milli ruhdan bəhs etdilər. 

Toplantıda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Azərbaycan Cümhuriyyətinin dövlətçilik irsindən bəhs etdi. Zəngəzurun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan və sovet hakimiyyətinin bu qədim türk yurdunu Ermənistana bağışlamasının fəsadlarından danışdı. Mahirə Nağıqızı M.Aranın Cümhuriyyət dövründə və onun süqutundan sonra ardıcıl fəaliyyəti ilə tariximizin parlaq şəxsiyyətlərindən biri olduğunu qeyd etdi və onun haqqında kitabın nəşrini yüksək qiymətləndirdi. 

Kitabı nəşrə hazırlayan Elməddin Behbud əsərin çapı və təqdimat mərasiminin təşkilinə verdikləri dəstəyə görə başda Zahid Oruc olmaqla, STM-in kollektivinə təşəkkürünü bildirərək dedi ki, bu nəşrdə M.Aranın mühacirət dönəmindəki çoxsaylı yaradıcılıq nümunələrinin bir qismi – “İran türkləri”, “Ergenekon yolları” olmaqla iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb və oxucuların ixtiyarına verilib. 

Tədqiqatçı Nazir Əhmədli, STM-in sektor müdiri Əfqan Vəliyev, “Füyuzat” jurnalının rəhbəri Mübariz Yunus və digərləri kitabın Azərbaycan Cümhuriyyəti və mühacirət dövrünün öyrənilməsi baxımından qiymətli mənbə olduğunu vurğuladılar. 

Rizvan FİKRƏTOĞLU 
XQ

 





Mədəniyyət