Soydaşımızın əsəri Türkiyədə nəşr olunub
Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın sayca 8-ci – “Bir qadının anatomiyası” kitabı Türkiyədə çapdan çıxıb. Əsərdə etibar, güvən kimi dəyərlərin çətin sınaqlar qarşısında qaldığı dövrdə güclü qadın xarakterindən, onun üzləşdiyi çətinliklərlə mübarizəsindən bəhs olunur.
32 ildən bəri Almaniyada yaşayan Əzimə Ağalarova XQ-yə müsahibəsində dedi ki, əsərləri 4 dildə 3 ölkədə çap olunub:
– “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanım əvvəlcə Azərbaycanda, daha sonra İsveçdə ingilis dilində və isveç dillərində nəşr edilib. “Tükənmiş xəyalların izində” əsərim isə Türkiyədə çapdan çıxıb. Daha çox bellestrika janrında yazıram. Gizli təşkilatlar, Yaxın Şərq siyasəti və digər mühüm problemlər əsərlərimin əsas mövzularını təşkil edir. 6 dil bilirəm. Romanlarımda adı keçən ölkələri gəzib, onların ictimai, siyasi və mədəni həyatını dərindən öyrənib, gördüklərimi yazmışam. İndiyədək dünyanın 45 ölkəsinə səyahət etmişəm.
Yazıçı “Bir qadının anatomiyası” əsərinin Türkiyədə çap olunmasına da aydınlıq gətirdi:
– Bu mənim Türkiyədə çap olunmuş 3-cü əsərimdir. Qardaş ölkədə kitablarım ödənişsiz çap olunur. Kitab yayın evləri əsərlərimlə tanış olur, bəyənir və çap etdirmələri ilə bağlı razılığımı alırlar. Məni Türkiyədə daha çox tanıdan 2019-cu ildə çap olunmuş “Ağlayan duvar” əsərim oldu. Bundan sonra xeyli dəvətlər aldım, Türkiyə mətbuatı haqqımda xeyli məqalə dərc etdi.
Əzimə xanım söhbət əsnasında kitablarının Bakıda Xarici Dillər Universitetində 2015-ci ildə təqdimatı ilə bağlı bir xatirəsini də bizimlə bölüşdü:
– O təqdimat mənim xatirimdən heç vaxt silinməyəcək. Orada gənclərin çıxışları o qədər canlı, o qədər maraqlı idi ki... Mən o atmosferdə özümü bir anlığa yazıçı kimi hiss etdim. Gənc bir qızımızın çıxışı hər kəsi kövrəltdi. Sonda o tələbə mənə dedi ki, Əzimə xanım, yəqin, bizim sözümüz sizə nəvənizinki kimi təsir etməz, amma əsərlərinizdən öyrənəcəyimiz çox şey var. Onun sözü mənə elə nəvəmin sözü qədər təsirli oldu.
Qeyd edək ki, Əzimə Ağalarova 1959-cu il martın 10-da Zərdab rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinin məzunudur. Əmək fəaliyyətinə Azərbaycan Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ildə Almaniyanın Hamdurq şəhərinə köçüb. Bu ölkədə uzun illər tərcüməçi işləyib. Bədii yaradıcılığa 53 yaşında başlayıb. 1 oğlu, 3 nəvəsi var.
R.ABİŞOV
XQ