Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yanki Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə XQ-ə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıblar.
İmzalanma mərasimində iştirak edən Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev böyük tarixə və yaradıcılıq imkanlarına malik olan iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib. Səfir qeyd edib ki, dost ölkələr olan Belarus və Azərbaycan arasında bir çox istiqamətlərdə nümunəvi əməkdaşlıq və səmərəli iş münasibətləri mövcuddur. Teatrlar arasında imzalanan müqavilə mədəniyyət sahəsində atılan vacib addımdır və teatr sənətinin inkişafına mühüm töhfə verəcək.
Belarus Respublikasının mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin isə qurulan əməkdaşlığı iki ölkənin mədəni münasibətlərində, teatr sənəti sahəsində yeni mərhələ adlandırıb. O, ölkələr arasında mədəniyyət əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İlham Əsgərov Azərbaycan və Belarusun Mədəniyyət nazirliklərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb.
Aleksandr Şestakov isə imzalanan memorandumu rəhbərlik etdiyi teatrın həyatı üçün vacib hadisə kimi dəyərləndirib. O, gələn il Bakı ilə Minsk arasında olacaq mübadilə qastrollarına hazırlıqların başladığını diqqətə çatdırıb.
Qeyd edək ki, imzalama mərasimi Belarus mətbuatında geniş işıqlandırılıb.