Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya nazirlərinin və yüksək vəzifəli şəxslərinin 6-cı yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi (ÖİKKA) direktorunun birinci müavini Dilşod Saidjanov açarq öz ölkəsində bu sahədə görülən işlər haqqında məlumat verib.
Yığıncaqda TDT Baş katibinin müavini Merey Mukadjan, həmçinin Qazaxıstan, Qırğızıstan, Türkiyə nüümayəndələri çıxış ediblər.
Onlar öz çıxışlarında bu sahədə görülən işlər, media sahəsində islahatlar, əməkdaşlıqla bağlı təkliflər və təşəbbüslər haqqında söhbət açıblar. Bundan başqa təşkilatın Sammitləri çərçivəsində TDT-nin üzvü olan dövlət başçıları tərəfindən irəli sürülən təşəbbüslərin yerinə yetirilməsi üçün tədbirlər, habelə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Yığıncaqda çıxış edən Azərbaycan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər arasında medianın inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bu ölkələr arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin təcrübə mübadiləsinin aparılmasına xüsusi diqqət yetirildiyini qeyd edib.
Ə. İsmayılov deyib ki, 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə toplantısında Qarabağ Bəyannaməsinin imzalanması Türk Dünyası birliyinin möhkəmləndirilməsi istiqamətində yeni səhifədir. Bu Bəyannamə xalqlarımız arasında müxtəlif sahələrdə daha sıx əməkdaşlığa yol açır, sabit və çoxşaxəli münasibətlərin inkişafını təmin edir.
Tədbirin sonunda bu ölkələr arasında əməkdaşlığa dair Kommünike qəbul olunub.
Səfər çərçivəsində Əhməd İsmayılov və ÖİKKA-nın baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd