Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, professor, pedaqoq Şirməmməd Ağaməmməd oğlu Hüseynov 17 dekabr 1924-cü ildə Şəkidə anadan olub.
Professor Şirməmməd Hüseynov Şəki şəhərindəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, Azərbaycan Dövlət Universitetinin (ADU) Filologiya-jurnalistika şöbəsində və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyasını müdafiə edən alim 1954-1961-ci illərdə ADU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. 1971-1976-cı illərdə ADU-nun Jurnalistika fakültasinin dekanı, 1988-ci ildən BDU-nun Mətbuat tarixi kafedrasının professoru olub.
Professor Şirməmməd Hüseynov milli jurnalistikamızın zəngin tarixi irsinin, Azərbaycan Demokratik Respublikası və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısıdır. Onun qələmə aldığı bütün yazılar Azərbaycanın istiqlalı, qoruyub yaratmalı olduğumuz milli dəyərlər və ideallarla bağlı idi.
“Həqiqət və ədalət carçısı” (1988), “Mənəvi irsimiz və gerçəklik” (2004), “Milli haqq və ədalət axtarışında: 1988-2000” (2004), “Mətbu irsimizdən səhifələr” (2007), “Publisistik miras və müasirlik” (2007), “Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (2009), “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri” (2009, 2010), “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri” (Beş cilddə, 2014) və digər dəyərli kitabların, əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Şirməmməd müəllimin çoxsaylı kitabları içərisində ““Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” onun şah əsəridir. Xalq Cümhuriyyəti dövründəki parlamentimizin fəaliyyətindən bəhs edən üç cildlik bu kitab yarım əsrin məhsuludur.
Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynov bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən idi. Onun bu və digər xidmətləri ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixində imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə professor Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.
Milli Kitabxanada görkəmli alim, mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyi münasibətilə “Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov - 100” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynovun fotoları, “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam, əsərləri, tərtibçi və redaktor olduğu, həyat və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Sirmemmed_Huseynov/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə alimin fonemenal araşdırmaları, elmi tədqiqatları, dəyərli, sanballı əsərləri, elmi əsərlərdə çap olunan məqalələri, tərtibçi, elmi redaktor olduğu, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində ədəbiyyatlar, mətbuatda çap olunan məqalələr nümayiş olunur.
XQ