Dövlət Komitəsinin nümayəndə heyəti Mərakeşdə görüşlər keçirib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Mərakeşin Rabat şəhərində səfərdədir. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri müvafiq dövlət qurumlarının, birliklərinin rəhbərləri ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ikitərəfli görüşlər keçirib.

Komitə sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Maliklə görüşüb. Ramin Məmmədov Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.  Azərbaycanın təşkilatla sıx əməkdaşlıq əlaqələrinə toxunan Dövlət Komitəsinin sədri ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətinə görə ICESCO-nun rəhbərliyinə minnətdarlığını ifadə edib.  

ICESCO-nun Baş direktoru Salim Əl-Malik dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış etməsini yüksək dəyərləndirib. Vurğulayıb ki, ölkəmizdəki tolerantlıq mühiti, multikulturalizmə, İslam  dəyərlərinə qayğı İCESCO ilə  münasibətlərin  inkişafına mühüm təsir göstərir.

Görüş zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ICESCO və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Rabat şəhərində keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb, həmçinin  qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Ramin Məmmədov “Rabitə Məhəmmədiyyə Üləma” Birliyinin baş katibi Əhməd Abadi ilə də görüşüb. Dövlət Komitəsinin sədri Azərbaycanın nümunəvi dövlət-din münasibətləri,  dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyimiz uğurlar barədə danışıb. Azərbaycanda dini sahəyə daim diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən dini etiqad azadlığının qorunmasına, bütün dini icmalara bərabər imkanların yaradılmasına və tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini deyib.         

Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları və ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələrindən ibarət nümayəndə heyəti dekabrın 17-də keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak üçün Mərakeş Krallığının Rabat şəhərində səfərdədir.

XQ



Sosial həyat