Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi və birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı uğurla başa çatıb.
Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunan festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarından gələn teatr kollektivləri də iştirak ediblər.
Festivalın sonuncu günü – dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.
Səhnə əsərinin quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
Tamaşada rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Həsən Cəfərov və Elmir Məmmədov ifa ediblər.
Sonda Şəki Dövlət Dram Teatrı və Şəki Şəhər İcra Hakimiyyəti adından Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə xatirə hədiyyələri təqdim olunub.
S.FİDAN
XQ