“Azərbaycan Atabəyləri” ekrana çıxdı

post-img

Dünən Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” filminin qala-premyerası olub. Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn ekran əsərinin rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyidir.

"Azərbaycan Atabəyləri" filmi Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr – Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüsserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeni Fim”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.

Dünyaşöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz, İlqar Mehti isə Qara Sunqur obrazlarını canlandırıblar. Digər əsas rolları isə Xalq artisti Mehriban Zəki (Möminə xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri ifa ediblər. Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.

Filminin nümayişindən sonra İlqar Mehti və Məcit Güvən əsərin ərsəyə gəlməsi barədə danışıblar. Onlar filmdə xidmətləri olan hər kəsə təşəkkür ediblər.

Film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

XQ

Mədəniyyət