NARGIS-in “yaşıl” sərgisi

post-img

İctimai həyatın müxtəlif sahələrinə aid irimiqyaslı tədbirlər keçirən, Azərbaycanda və xaricdə maraqlı sərgilər təşkil edən NARGIS Nəşriyyat Evi öz fəaliyyətində sosial və ekoloji layihələrə də böyük önəm verir. Ülviyyə Mahmudun rəhbərlik etdiyi bu qurum artıq 5 ildir ki, ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir.

Ötən müddət ərzində NARGİS-in xəttilə 4 böyük ekoloji sərgi təşkil olunub. Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ötən ay Bakıda qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan möhtəşəm COP29 sessiyasının uğurla keçirilməsi bu mövzunu daha da aktual etdiyi üçün NARGIS yeni bir əhəmiyyətli ekoloji layihə olan “Sıfır tullantı” sərgisini təqdim edib. Eyni adlı fotosərgisi və ekomebel COP29 çərçivəsində Yaşıl zonada yerləşən NARGIS köşəsində təqdim olunub və böyük maraq doğurub. Bu təşəbbüsün davam etməsi tullantıları azaldaraq materialların optimal istehlakı və yenidən istifadəsi ilə ətraf mühiti qorumağı hədəfləyir.

“Sıfır tullantı” sərgisi noyabrın 26-dan etibarən Müasir İncəsənət Muzeyində nümayiş olunur. Sərgi çərçivəsində qonaqlar “Vəhşi həyat” adlı fotosərgi ilə tanış ola bilərlər. Bu layihə “Nargis” jurnalı tərəfindən fotoqraf Aleksey Lyokin ilə birlikdə həyata keçirilib və Azərbaycanın müxtəlif bölgələrinə aid nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şəkillərindən ibarətdir.

Layihə müəllifləri, o cümlədən baş sponsor olan Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək, eyni zamanda, dünyaca məşhur dizayn əsərlərindən ruhlanaraq, təkrar emal edilmiş tullantılardan məxsusi NARGIS üçün innovativ eko-mebellər hazırlayıblar ki, bu qeyri-adi nümunələr də sərgi çərçivəsində təqdim olunur. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

Qafqazın ən böyük metallurgiya şirkəti – “Baku Steel Company” QSC də bu dəfə NARGİS-in layihəsinə dəstək göstərir. Şirkət layihə çərçivəsində paytaxtımızda yerləşdirilmiş “ECO qutular”a toplanan tullantıların çeşidlənməsini, ətraf mühitə və ya insan sağlamlığına təhlükə yaradan məhsulların, qablaş̧dırmaların və materialların yandırılmadan, yerə, suya və ya havaya atılmadan təkrar emala verilməsini reallaşdırır.

“Zero Waste” ideyası dünyada aktual olaraq qalır. Şotlandiyada bu adda ayrıca ətraf mühit təşkilatı da fəaliyyət göstərir. Xatırlayırıq ki, ötən il ənənəvi Bakı Enerji Həftəsi çərçivəsində “Zero Waste” proqramı, xalis sıfır emissiya və yaşıl hidrogen mövzuları da ətraflı sərf-nəzər edilmişdi. Bu ilin avqustunda isə “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu keçirilib və bu çərçivədə Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib. “Nargis” jurnalı ilə bərabər, bələdiyyə nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “Asan” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Noyabr ayında “Nargis” jurnalı COP29 üçün xüsusi buraxılış hazırlayıb. Nəşr önəmli beynəlxalq tədbirin iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.

“Gəlin, planetimiz üçün birləşək!” şüarını əsas götürərək, davamlı bir gələcəyə töhfələr verən NARGİS-in sərgisi dekabrın 25-dək davam edəcək.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət