Şirvanda şəfqət aksiyası

post-img

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı toplantı keçirilib.

Tədbirdə Beynəlxalq Əlillər Gününün 1992-ci ilin dekabrın 14-də BMT Baş Assambleyasının qərarı ilə təsis edildiyi, ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğu bildirilib. Məclisdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, rifah halının yaxşılaşdırılması, problemlərinin həlli, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramlarından da danışılıb.

Əlillərlə bağlı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb. Birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi qayğı qeyd edilib. Bildirilib ki, Şirvan Şəhər İcra Hakimiyyəti aztəminatlı əlillərə hərtərəfli kömək göstərir. Mərkəzi Şəhər Xəstəxanasında, Diaqnostika və Reabilitasiya mərkəzlərində əlillərə xüsusi həssaslıqla yanaşılır, onların bərpa və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Mərasim əlilliyi olan şəxslərin musiqi və rəqs nömrələri ilə davam edib, onların əl işləri təqdim edilib.

XQ

Sosial həyat