Türk milli kimliyi və ortaq dəyərlər

post-img

Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin bağlanış mərasimi olub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən mərasimdə əvvəlcə Çankırı Karatekin Universitetinin rektoru, professor Harun Çiftçinin videoçıxışı konqres iştirakçılarının diqqətinə çatdırılıb. O, ortaq mədəni dəyərlərin qorunması, türk xalqları arasında əməkdaşlığın daha da inkişafı, eləcə də Türk dünyasının ortaq elmi mövzularının müzakirəsi baxımından konqresin önəmini qeyd edib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Daha sonra tanınmış türkoloq, tarix elmləri doktoru Süleyman Kayıpov, türkmənistanlı türkoloq alim Narbibiş Şammayeva, AMEA Folklor İnstitutunun direktoru vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, türkiyəli akademik Sacide Çobanoğlu və digərləri çıxış edərək konqresin Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində faydalı olacağını bildiriblər.

Tədbirə yekun vuran AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konqresin bir çox cəhətdən əhəmiyyətli olduğunu söyləyib. O, Türk dünyasının indiki inkişaf mərhələsində Türkiyə ilə Azərbaycan elmi əlaqələrinin daha da inkişaf edərək Türk dünyasının bütün coğrafiyasını əhatə etdiyini vurğulayıb, III Beynəlxalq Türkoloji Konqresi Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi yüksək qiymətləndirib.

Akademik İsa Həbibbəyli ikigünlük konqres çərçivəsində səslənən məruzələrin ortaq tarix, ortaq dil, ortaq ədəbiyyat, ortaq mədəniyyət kimi mövzuları əhatə etməklə Türk dünyası birliyinin zənginliyini, çoxçeşidliyini göstərdiyini bildirib.

Konqresin həm də Türk dünyasının möhtəşəmliyini təqdim etdiyini söyləyən AMEA rəhbəri Türk ölkələrinin müxtəlif elmi qurumları arasında əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi baxımından da tədbirin önəmini vurğulayıb.

Akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin açılış mərasiminin I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində məhz AMEA-nın Rəyasət Heyətində keçirilməsinin tarixi əhəmiyyətini qeyd edib, tədbirin I Türkoloji Qurultayın 100 illiyinə hazırlıq kimi də mühüm rol oynadığını bildirib.

Akademiya rəhbəri həmçinin III Beynəlxalq Türkoloji Konqresin AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirildiyinin də xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“XXI əsrin “Türk əsri” olacağı haqqında əfsanənin gerçəyə çevrildiyinin mümkünlüyünü meydana qoyduq”, – deyə bildirən AMEA rəhbəri tədbirin Türk dünyasının birliyinə, həmrəyliyinə özünün böyük töhfəsini verdiyini deyib.

Daha sonra akademik İsa Həbibbəyli Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” kitabının AMEA Rəyasət Heyətinin qərarı ilə çapdan çıxmış I, II və III cildlərini qonaqlara hədiyyə edib.

Sonda konqresdə fəal iştirak edən gənc tədqiqatçılar və tədbirin iştirakçıları təşəkkürnamələrlə təltif ediliblər.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat