Qax Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə başlanılıb. Dramaturq Çingiz Ələsgərlinin italyan yazıçısı Karlo Kollodinin məşhur “Pinokkionun macəraları” əsəri əsasında qələmə aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri” pyesi səhnəyə qoyulur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Hər kəsə bəlli hekayə qaxlı kuklaçıların və əsərə fərqli prizmadan yanaşan dramaturqun təqdimatında daha çox komik elementləri önə çıxaracaq. Tamaşa uşaqları güldürməklə yanaşı, onları düşündürəcək mesajlar verəcək.
Qoca usta Çepretto odun parçasından adamcığaz düzəltmək istəyir. Əl-ayağı iplərlə hərəkətə gətirilən kukla Pinokkionun başına bir çox macəralar gəlir, şər qüvvələrin hücumuna məruz qalır. Amma xeyirxah qüvvələr onun köməyinə çatırlar. Nikbin sonluqla başa çatan nümunədə xeyirxahlığa, cəsarətə və sədaqətə inam daha qabarıq ifadə olunur.
Səhnə əsərinin balacalara ilin sonunda təqdim edilməsi nəzərdə tutulur.