Özbəkistanda “Azərbaycanda nar festivalı” adlı tədbir keçirilib

post-img

Özbəkistandakı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nəzdində fəaliyyət göstərən Türkşünaslıq Ali Məktəbinin Azərbaycanşünaslıq Mərkəzində “Azərbaycanda nar festivalı” adlı tədbir keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında baş tutub.

Görüşdə Türkşünaslıq Ali Məktəbinin müdiri, dosent Məhəmmədcan Aripov, Türkşünaslıq Tədqiqat Mərkəzinin müdiri, dosent Cuməli Şabanov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova, gənc rəssam Məhəmməd Əhmədov, Özbəkistandakı “Bakı” restoranının baş aşpazı Zaur Mirzəyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Məhəmmədcan Aripov Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, tədbirin isə bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaratdığını söyləyib. Cuməli Şabanov türk dövlətləri arasındakı strateji münasibətlərin inkişafından, Azərbaycan-Özbəkistan münasibətlərinin də özünü bir daha təsdiq etdiyindən danışıb.

“Tədbirin nara həsr edilməsi heç də əbəs yerə deyil. Belə ki, nar meyvəsində çoxlu dənələrin yerləşməsi onu birlik rəmzinə çevirir. Azərbaycan və özbək xalqlarının dostluğuna, qardaşlığına, hər sahədə olduğu kimi, təhsil sahəsində də şahidik. Şərqşünaslıq Universitetində Azərbaycan dilini özbək gənclərinə tədris etmək üçün şərait yaradılması məhz bu dostluğun, bu birliyin nəticəsidir”,- deyə tədbirin təşkilatçısı, Mərkəzin Azərbaycan dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva bildirib.

Tədbirin bədii hissəsində üzərində nar şəkilləri olan müxtəlif rəsm əsərləri sərgilənib. Özbək tələbələr nar haqqında məlumat verib, şeirlər səsləndirib. Mərkəzin şagirdi Melissa Mustafayeva “Tərəkəmə” rəqsini oynayıb. Aşpaz Zaur Mirzəyev isə özbək auditoriyasına “Şah plov”un hazırlanma qaydası haqqında məlumat verib.

Sonra müxtəlif müsabiqələr keçirilib. Qaliblərə təşəkkürnamə, Azərbaycan-özbək dillərində lüğətlər, danışıq kitabları və müxtəlif hədiyyələr təqdim olunub.

Tədbir Özbəkistanın “Foreign Language” (Xarici dil) televiziya kanalında və bir neçə saytda işıqlandırılıb.

P.ƏMİRCANOV
XQ





Mədəniyyət