Dünyada söz və fikir qədər dəyərli heç nə yoxdur. Bəlkə elə bu səbəbdəndir ki, ədəbiyyatla bağlı sonsuz fikirlər söyləmək, müxtəlif mülahizələr irəli sürmək mümkündür. Bu dəfə haqqında söhbət açacağım adam gənc yazarlar arasında önəmli yerlərdən birini tutur. 1990-cı ilin bir payız günündə Bakının Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmış Nemət Mətinin həyata olan baxışı da fərqlidir. Bunu qələmə aldığı hekayələrində də görmək mümkündür. O, yaradıcılığa ictimai-sosial hadisələri və psixoloji problemləri özündə əks etdirən məqalələr yazmaqla başlasa da, sonra ədəbi-bədii yazılar yazmağı qərara alıb. Bir-birinin ardınca maraqlı hekayələr yazan gəncin bu arzusu da gerçəkləşir. Yazıları yerli mətbu orqanları ilə yanaşı, bir sıra əcnəbi ölkələrin nəşriyyatlarında dərc olunmağa başlayır. Bədii yaradıcılığa 2012-ci ildə başlayan Nemət Mətini başqalarından fərqləndirən əsas cəhət olduğu, yaşadığı mühitdə baş verən hadisələri daha aydın müşahidə edib, düşüncələrində olduğu kimi göstərməkdir. Bu gənc yazar nə vaxtsa gördüyü, eşitdiyi hadisələri də bura əlavə edərək, hekayələrini öz yazıçı təxəyyülü ilə daha da zənginləşdirir.
Yazıçı deyir ki, əgər bir yazıçı ədəbi mühitdə inkişaf etmək istəyirsə oxucunun qəlbinə yol tapan yazılar yazmalıdır. Yəni, daha səlis yazıb aramla hərəkət etməli, kəmiyyətdən çox keyfiyyətə üstünlük verməlidir. Azərbaycan dilini yazılarında düzgün istifadə etməyi bacaran yazıçı oxucunu əsərlərində baş verən hadisələrin gerçək olduğuna inandırmağa çalışır.
Nemət Mətinin “Sonuncu Uçuş” adlı hekayələr kitabı 2020-ci ildə Türkiyədə nəşr olunub. İlk kitabı isə “Ədəbiyyat və kütlə” adlanır. “Gözəgörünməzlər” adlı növbəti, üçüncü kitabı onu oxuculara daha çox sevdirib.
Hazırda ilk romanı üzərində işləyən yazıçının ədəbi mühitdə deyəcəyi çox sözü var. Həyatda özünü tapa bilməyən, çətinliklərlə üzləşən və daim mübarizə yolunu seçən insanların həyatından yazmağı daha çox sevir. Ana dilinə xüsusi sevgi bəsləyən bu vətənpərvər gənc Azərbaycan ədəbiyyatına daha çox müraciət edir. Düşünür ki, doğma dildə yazılan kitabları oxumaq gənc yazarlara həm danışıq, həm də yazı dilində cümləni düzgün istifadə etməyə yaxından kömək edir. İnsan öz ana dilində nəsə oxuyanda, yazanda sanki başqa aləmə düşür. Bu da ona yazıb-yaratmaq üçün böyük ruh yüksəkliyi verir.Tərcümə olunmuş kitabları oxuyanda isə o hissi duya bilmirsən. Nə qədər güclü tərcümə olunsa da onu orijinaldan oxumaq daha yaxşıdır. Kitab sərgilərində də iştirak edən Nemət Mətin oxucularını görəndə çox sevinir. Onun fikrincə, böyük ruh yüksəkliyinə səbəb olan bu insanlar gəlib yazıçı ilə tanış olur, onun söz dünyasına bir anlıq da olsa səyahət edirlər. Yazıçı fikirləşir ki, sərgilərdə daha tez-tez iştirak etmək üçün yeni kitab nəşr etdirməlisən. Nemət Mətin də belə yazarlardandır. Özünün də dediyinə görə, ildə iki və ya üç sərgidə iştirak edir.
Biz də öz növbəmizdə bu gənc yazara yeni yaradıcılıq uğurları arzuladıq.
Sonda onu da xatırladaq ki, Nemət Mətin “Edebiyyat.az” saytının baş redaktoru və “Biz” klubun üzvüdür.
Fidan SALMANOVA
XQ