Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili tədris edilir. Məşğələləri aparan dilçi alimimiz, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva bugünlərdə Özbəkistan Milli Televiziyasının qonağı olub.
Soydaşımızın müsahib olduğu proqramda Azərbaycan və Özbəkistanın dostluq əlaqələri, Azərbaycanın milli adət-ənənələri, mədəniyyəti, mətbəxi və eləcə də ölkənin ali məktəbində Azərbaycan dilinin tədrisindən danışılıb. Azərbaycanlı alim 44 günlük Vətən müharibəsi dövründə qardaş Özbəkistanın dövlətimizin və xalqımızın daim yanında olduğunu xüsusi vurğulayıb.
Verilişdə Azərbaycan və özbək musiqiləri səslənib, AMM-nin “Azərbaycan” rəqs qrupunun ifaları təqdim edilib, azərbaycanlı aşpazın məharəti sərgilənib.
Qulu KAZIMOV,
XQ-nin Türküstan müxbiri