Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çin mədəniyyəti günü” keçirib. Toplantı Konfutsi İnstitutunun dünya üzrə fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunub.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili və mədəniyyətinin öyrənilməsi, təbliği sahəsində mühüm işlər görülür. Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb.
BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq isə bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Çin dilinin əsaslarının keyfiyyətli tədrisi, təhsil sahəsində Azərbaycan və Çin əməkdaşlığının, elmi və mədəni mübadilənin genişləndirilməsidir.
Mərasimdə Şərqşünaslıq fakültəsinin tələbələri Çin rəqsləri, mahnıları ifa ediblər. Ənənəvi çay süfrəsi açılıb, Çin milli əl oyunları nümayiş olunub.
XQ