“Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Başqırdıstan Respublikasının Elmlər Akademiyasında Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətnə həsr olunmuş “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib.
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində, Başqırdıstan Respublikasının Elmlər Akademiyasının inzibati binasında keçirilən təqdimat mərasimində yerli icra hakimiyyəti orqanlarının, yerli ictimaiyyətin və Başqırdıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, ictimai –siyasi xadimlər, elm, təhsil və mədəniyyət xadimləri iştirak edib. Tədbir həmin kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq elmlər akademiyasının akademiki Emil Nəsirlinin təşəbbüsü ilə, Başqırdıstan Respublikası Elmlər Akademiyasının (BREA) prezidenti Kamil Ramazanovun və BREA akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Ramil Baxtizinin təşkilati dəstəyi ilə təşkil olunub.
“Heydər Əliyev – Həyatın 100 anı” kitabının müəllifi Emil Nəsirli tədbirin əvvəlində iştirakçıları salamlayaraq öz çıxışında, ulu öndərin nəsillər üçün örnək olan həyat yolu, eləcə də Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada layiqli yer tutması istiqamətində həyata keçirdiyi siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Emil Nəsirli müəllifi olduğu və “Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev – Həyatın 100 anı” kitabı haqqında ətraflı məlumat verərək qeyd edib ki, nadir siyasi təfəkkürü, cəsarəti və möhkəm iradəsi sayəsində Heydər Əliyev Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail olub. Azərbaycan dövlətinin müstəqillik əldə etməsindən sonra ulu öndərin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlət yaratmaq olub. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində KİV-də senzura aradan qaldırılıb və 1998-ci ildə ölüm hökmü ləğv olunub. 1993-cü ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik yaranıb, bərpa işləri başlanıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll olunması xalqın müdrik oğlunun həyat vəzifıəsi olub. Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı gündən bəri Azərbaycanda müstəqillik, iqtisadi inkişaf, azadlıq və elmi tərəqqi dövrü başlanıb. Azərbaycan tədricən dünya ölkələri arasında öz mövqeyini tutub. Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar çərçivəsində ordu və sənaye quruculuğunda, iqtisadiyyatda və bir çox digər sahələrdə tərəqqi əldə olunub.
Emil Nəsirli Ulu öndərin güclü tarixi şəxsiyyət olduğunu vurğulayaraq onun öz xalqını dövrün mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və davamlı mübarizə yolu ilə ona müstəqillik qazandırdığını bildirərək Ümummilli liderin zəngin həyat yolundan, Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən söhbət açıb.
Təqdimat mərasimində çıxış edən BR Qurultayının deputatı Rüstəm Maratoviç Axmadinurov, BREA prezidenti Kamil Ramazanov, BREA-nın akademiki Ramil Nazifoviç Baxtizin, BREA-nın Baş Elmi katibi, akademik Ruslan İrşatoviç Ableyev, sənətşüsanlıq professoru, BR Dizaynerlər İttifaqının sədri Mars Lironoviç Axmadullin, neft sənayesi veteranı, tarixçi Engel Axmetoviç Zaynetdinov, “Başqırdıstan veteranı” jurnalının baş redaktoru Svetlana Fainovna Bellinder, BREA-nın vitse-prezidenti Aleksandr Nikolayeviç Deqtaryov, BR üzrə Ümumrusiya ixtiraçılar və rasionalizatorlar cəmiyyətinin nümayəndəsi Albert Mirqazimoviç Axmetşin, BREA-nın müxbir üzvü, “BREA-nın carçısı” və “Şərqşünaslıq problemləri” jurnallarının məsul nümayəndəsi Aytuqan İrikoviç Akmanov, BREA-nın Başqırdıstan ensiklopediyası İnstitutunun direktor müavini Bulat Naziroviç və digər natiqlər ulu öndər Heydər Əliyevin nüstəqil dövlətçilik ənənələrindən söhbət açaraq qeyd ediblər ki, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər HeydərƏliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir. Tədbirin iştirakçıları arasında dünyanın bütün güc mərkəzləri, Heydər Əliyevin xarici siyasətində xüsusi yeri olan Azərbaycanın qonşu və qeyri-qonşu dövlətləri ilə yeni, qarşılıqlı fayda verəcək münasibətlərin, eləcə də Cənubi Qafqazsa maraqlara və nüfuza malik olan iri və regional dövlətlərlə münasibətlərin formalaşdırılması və inkişafı haqqında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq elmlər akademiyasının akademiki Emil Nəsirli tədbirin iştirakçılarına “Heydər Əliyev – Həyatın 100 anı” kitabını təqdim edib.