Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “SABAH” qruplarının 10 illik yubileyinə həsr olunmuş “Dünən. bu gün. sabah” elmi-publisistik jurnalının təqdimatı keçirilib.
Akademiyadan bildirilib ki, tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli təqdim olunmuş jurnalın böyük əhəmiyyət kəsb etdiyini bildirib, tələbələri qazandıqları uğur münasibətilə təbrik edib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin təşəbbüsü ilə ərsəyə gələn elmi-publisistik jurnalda musiqişünaslıq ixtisasında təhsil alan tələbələrin məqalələri yer alıb. Təqdim olunan jurnalda BMA-da 10 il ərzində “SABAH” qruplarının tarixi öz əksini tapıb. Burada bir sıra konsertlər, festivallar, elmi-praktik konfranslar, müsabiqələr, “SABAH”ın məzunları, laureatları haqqında məqalələr yer alıb.
Musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələrdən Şəhla Cəlilova, Fəxriyyə Bayramova, Aysel Cəfərova, Günan Heydərova jurnalın ərsəyə gəlməsində iştirak edən professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə beynəlxalq və respublika müsabiqələr laureatları Hidayət Sadıqbəyli, Namiq Səlimov, Kənan Məmmədzadə, Nuray İsmayılova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.
Sonda musiqişünaslıq ixtisası üzrə “SABAH” qrupları “Xarıbülbül” xoru ilə çıxış edib.