Bolqarıstanda “Şuşa - Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

post-img

Oktyabrın 8-10-da Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərginin açılışı baş tutub.

Bu barədə  Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşanın Azərbaycanın tarixində və mədəniyyətində tutduğu əvəzsiz yeri, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən biri olması, Şərq ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr barədə danışıb.

Şuşanın 30 ilə yaxın işğalından sonra 2020-ci ildə azad edildiyini və 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu deyən səfir vurğulayıb ki, şəhər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında bərpa edilərək yenidən təkcə Azərbaycanın deyil bütün Qafqazın parlaq incisinə çevrilib.

Həmçinin səfirlik tərəfindən sərginin Veliko Tırnovo şəhərində keçirilən turizm bölümündə Azərbaycanın mədəni turizm potensialını təşviq edən milli stend sərgilənib, ölkəmizin gözəl təbiətini, qədim tarixini və parlaq adət-ənənələrini əks etdirən fotoşəkillər, milli suvenirlər və xalılar nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı məlumat verilib, eyni zamanda, milli mətbəx nümunələri təqdim olunub.

Xatırladaq ki, hər il Bolqarıstan Respublikasının turizm naziri, mərkəzi və yerli hakimiyyət orqanların rəhbərləri, 10-dan çox ölkənin mədəniyyət və turizm sahəsi üzrə rəsmiləri, otuzdan çox yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasını təşkil edir.







Mədəniyyət