Göyçəli Ələsgər Bakıya gəldi

post-img

Haqq aşığının heykəli yurd sevgisi nəğməsi çalıb-çağırır

Sentyabrın 30-da Vətənimizin paytaxtı doğma Bakımızda xalqımızın milli-mədəni irs tarixinə silinməz hərflərlə yazılacaq çox əlamətdar, uzun illər gözlədiyimiz, həsrətində olduğumuz hadisə baş verdi. Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi, möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan–Türk ədəbi irs xəzinəsində haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik düha kimi doğma xalqının qəlbində ədəbi sevgi ilə yaşayan Dədə Ələsgərin möhtəşəm abidəsinin açılış mərasimi baş tutdu.

Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir, onların ən görkəmli yaradıcı nümayəndələrinə qoyulan onlarca heykəllərlə, abidələrlə haqlı olaraq qürur duyur.

Bakının mərkəzində Aşıq Ələsgərə ucaldılan heykəl isə xalqımızın minilliklər tarixini yaşadan ozan, saz-söz sənətinə, aşığa həsr olunan ilk uğurlu heykəltəraşlıq və memarlıq nümunəsidir. Bu möhtəşəm tədbirin təməli hələ 3 il əvvəl Prezident İlham Əliyevin imzaladığı iki sərəncamdan – “çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuna uyğun həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş” Aşıq Ələgərin 200 illik yubileyinin qeyd edilməsi və onun Bakı şəhərində heykəlinin ucaldılması haqqında sərəncamlardan irəli gəlir. Aşıq Ələsgərin abidəsinin yaradılması və təntənəli açılışı mədəni irsimizin qorunmasını, onun dünyada geniş təbliğini təmin edən uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Aşıq Ələsgərin abidəsinin açılış mərasimində dövlət başçısı şəxsən iştirak edərək bilavasitə onun əhəmiyyətini vurğuladı. Möhtərəm Prezidentimiz çıxışında “Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da, çox gözəl hadisədir” – deyərək ona yüksək qiymət verdi.

Göyçə mahalında doğulmuş, Dədə Ələsgər sevdalısı olaraq Prezidentimizə Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı verdiyi sərəncamlara və Bakı şəhərinin mərkəzində ona qoydurduğu möhtəşəm heykələ və açılışda onun yaradıcılığına və aşıq poeziyasına verdiyi yüksək dəyərə, Qərbi Azərbaycana qayıdış istiqamətində etdiyi dərin məzmunlu çıxışına, səsləndirdiyi xüsusi siyasi əhəmiyyət kəsb edən mesajlara görə təşəkkür edir, minnətdarlığımı bildirirəm!

Aşıq Ələsgərin doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Məhz buna görə Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıqlıq sənətinə böyük məsuliyyətlə yanaşan Dədə Ələsgər özündən sonra böyük bir məktəb qoyub getmişdir. Göyçədə adları bəlli olan 170-dən artıq aşığın çoxu Aşıq Ələsgərin sənət şəcərəsinin üzvü olmuşdur. Son dərəcə təvazökar insan olan Aşıq Ələsgər apardığı məclislərdə hеç vaxt özünü təbliğ еtməz, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Ağ Aşıqdan, ustadı aşıq Alıdan və başqa sənətkarların şеirlərindən oxuyar, öz şеirlərini isə yalnız məclis əhlinin xahişi və tələbi ilə ifa еdərmiş. Bununla da dahi sənətkar yüksək təvazökarlıq nümunəsi göstərərək aşıqlıq sənətinin kredosunu, “nizamnaməsini”, əsl aşıqlıq sənətində vacib olan tələbləri "Gərəkdi" rədifli şeirində:

Aşıq olub, diyar-diyar gəzənin,
Əzəl başda pürkamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...

söyləyərək bu meyarlara, ilk növbədə, özü riayət edər, şəyirdlərinə nümunə, yol göstərər, onları danışdığı sözün qiymətin bilməyə, arif olmağa, naməhrəmdən şərm еyləməyə, haqqa dolanmağa, doğruluğa çağırar, yönəldər və onları bu yüksək insani, mənəvi, ürfani keyfiyyətlər ruhunda tərbiyə edərdi.

Təsadüfi deyildir ki, Dədə Ələsgər irsinin yüksək fəlsəfi, əxlaqi, ürfani tutumunun, mahiyyətinin əhəmiyyətini görkəmli yazarlarımız böyük sevgi və ehtiramla qeyd etmişlər. Bu irs onu, Xalq yazıçımız Mirzə İbrahimovun dediyi kimi “Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran dahi söz ustadı səviyyəsinə yüksəltmişdir”. Xalqımızın sevimli şairi Səməd Vurğun isə "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm" deyərək onun özündən sonra aşıq poeziyasının bütün formalarında nə dərəcədə geniş, rəngarəng yaradıcılıq nümunələri qoyub getdiyini qeyd etmişdir. Bəxtiyar Vahabzadənin “Ələsgər şeirinin hikmətinə, dərinliyinə səcdə edirəm”, Məmməd Arazın “sözün qüdrətini ən uca nöqtəyə qaldırıb, oradan əsrinə baxmış” fikirlərini deyən görkəmli şairlərimiz bu məktəbdən öyrəndiklərini etiraf etmişlər. Aşıq saz-söz sənətinin dərin bilicisi, qoruyucusu və təbliğatçısı, Ələsgər sözünün vurğunu olan Xalq şairi Zəlimxan Yaqub isə Dədə Ələsgər dühasının poetik gücünü belə tərənnüm etmişdir:

... Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qopa bilmirəm.
Bağlama demisən, bircə bəndinə,
Bir ömür qoymuşam, aça bilmirəm...
...Baxdım yaratdığın misraya, bəndə,
Nə memar işidir, nə zərgər dedim.
Dilim söz tutanda, ağlım kəsəndə
Ələsgər çağırdım, Ələsgər dedim!

Zənnimcə, ədəbiyyatımızın görkəmli nümayəndələrinin Aşıq Ələsgər yaradıcılığına bu cür yüksək qiymət vermələri, bir çox tədqiqatçıların onu Dədə, Haqq Aşığı, Sufi Mürşid, Övliya, “qutsal şəxsiyyət” kimi müqəddəs epitetlərlə dəyərləndirmələri onun heykəlini yaradanların – heykəltəraş, Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin və Rəssamlıq Akademiyasının baş müəllimi, memar Malik Babayevin üzərinə böyük məsuliyyət qoymuşdur. Əlbəttə, heykəl haqqında düzgün, incəsənət nöqteyi-nəzərindən qiymət vermək, peşəkar ekspertlərin, rəssam və heykəltəraşların işidir. Mən isə Dədə Ələsgər möcüzəsinə bağlanan, bütöv yaradıcılığını sevən, onu daim, təkrar-təkrar heyranlıqla mütaliə edərək hər dəfə özünə yeni bir sirr kəşf edən həvəskar Ələsgər sevdalısı olaraq heykəllə hələ heykəltəraşın emalatxanasında yaradıcılıq prosesində tanış olaraq Natiq müəllimə verdiyim sualların cavablarından, heykəlin açılışından aldığım təəssürat əsasında əminliklə deyə bilərəm: Abidə möhtəşəmdir! Dərviş, aşıq, şair, filosof, övliya Dədə Ələsgərə, onun ruhuna layiq böyük, yüksək incəsənət əsəridir. Aşıq Ələsgərin heykəlinin qaya üzərində vüqarlı duruşu mənə Ulu Göyçənin əzəmətli dağlarında yer almış məğrur qayalar üzərindən xalqına, el-obasına onun “həqiqətdən mətləb qandırmasını” xatırladır. Onun fikrə dalmış baxışlarında sanki müdrik filosof düşüncələri yer alıb. Sazın sol əllə çalınması aşığın solaxay olmasının real təcəssümüdür. Adətən, aşıqlar, əsl aşıqlar, yaradıcı aşıqlar, cuşə, ilhama gəlib ekstaza qalxanda sazın qolunu qeyri-iradi olaraq yuxarı qaldırırlar. Deyərdim, bu məqam sanki Aşıq Ələsgərin bu gün kafelərdə gəzişən, toyxanalarda şou göstərən “aşıqların” əlindən sazlarını alıb onların əlinin çatmadığı ucalığa qaldırmağını da göstərən bir məqamdır.

Natiq müəllim işə başlamazdan qabaq və iş prosesində Aşıq Əlsgər haqqında mövcud olan ədəbiyyatla, ona həsr olunmuş rəssamlıq işləri, əsərləri ilə yaxından tanış olmuş, qaya üzərində həkk etmək üçün onun 60-dan çox müdrik, hikmətli, lirik şeir nümunələrini toplamış və onların bir qismini qaya üzərinə salmışdır. 4 metr hündürlüyündə olan heykəl çox əzəmətli görünür. Abidənin çoxşaxəli məzmuna malik olması, üzərində qeyd olunmuş geniş informasiyalar onun incəsənət əsəri kimi qiymətini bir qədər də artırır.

Çox istedadlı heykəltəraş, Xalq rəssamı Natiq Əliyevi, memar Malik Babayevi uğurlu yaradıcılıq işinə görə təbrik edir, Ələsgər poeziyasını sevən bir fərd kimi öz adımdan, çoxsaylı ələsgərsevərlər adından onlara təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Aşıq Ələsgərin Bakıda qoyulmuş, Qərbə tərəf yönələn bu möhtəşəm abidəsi, eyni zamanda, bugünkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmaqla yanaşı, böyük rəmzi məna daşıyaraq bizi Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə Dədə Ələsgərin 150 illik yubileyi ilə bağlı Göyçədə, anadan olduğu Ağkilsə kəndində aşığın qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər möhtərəm Prezidentimizin heykəlin açılışında dediyi kimi, doğma kəndində heykəlinin yenidən qoyulması ilə Vətənə qayıdacaqdır. Bunun dinc yolla reallığa çevrilməsinə inamımız, ümidlərimiz böyükdür.

Ələddin ALLAHVERDİYEV,
professor
Moskva



Mədəniyyət