İqlim Həftəsi başa çatdı

post-img

Bakı İqlim Fəaliyyəti Həftəsinə yekun vurulub. Sonuncu gündə bir sıra mövzularda konfrans və panel sessiyalar keçirilib.

“İqlim sahəsində fəaliyyət üçün tədqiqatların və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfransın açılış mərasimində çıxış edən COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar bildirib ki, tədqiqatlar effektiv iqlim fəaliyyətinin təməlidir. Elm və texnologiyada yeniliklərin külək və günəş enerjisi, elektrikli nəqliyyat vasitələri kimi inanılmaz alətlər təqdim etdiyini vurğulayan COP29 rəsmisi hazırda karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacın olduğunu diqqətə çatdırıb.

İqlim problemlərinin fəsadları ilə mübarizə istiqamətində müəyyən edilmiş hədəflərə çatmaq üçün elmin gücündən istifadə etməyin vacibliyini bildirən N. Arpadarai dünyanın artıq kritik dönəmdə olduğunu vurğulayıb: “Alimlərin fikrincə, planetə zərər verə biləcək nəticələrin astanasındayıq. İqlim dəyişiklikləri ilə əlaqədar ən son elmi biliklərin qlobal siyasətə təsirini gücləndirmək vacibdir. Bizə bu istiqamətdə beynəlxalq əməkdaşlıq lazımdır. Ölkələr ən yaxşı təcrübələri bölüşmək üçün birlikdə fəaliyyət göstərməlidir. Özəl sektorun da bu fəaliyyətdə fəal tərəfdaş olması önəmlidir".

Azərbaycan Milli Elmlər Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkəmizin dünyada iqlim dəyişikliyinin həlli istiqamətində vacib addımlar atan dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər ekoloji problemlər aktual məsələdir: “Hazırda ekolinqvistika kimi yeni elm sahələri yaranır. İqlim probleminin həlli üçün kompleks layihələrin həyata keçirilməsi vacibdir. Düşünürəm ki, qlobal istiləşmənin həlli istiqamətində tərəfdaş ölkələrin elmi qurumları birgə layihələr həyata keçirməlidir”, – deyə o, əlavə edib.

Konfransda COP29-un Azərbaycan üzrə “Gənclər iqlim çempionu” Leyla Həsənova çıxış edərək deyib ki, yüksək səviyyəli təhsil iqlim dəyişikliyi ilə mübarizədə olduqca vacibdir. Bu səbəbdən də gənclərin davamlı gələcək üçün birlikdə çalışmalı olduqlarını vurğulayan L.Həsənova dünya gənclərini iqlim probleminin həlli istiqamətində görülən tədbirlərdə yaxından iştirak etməyə çağırıb. Qeyd olunub insanlarda ekologiya ilə bağlı fikirlər uşaq yaşlarında formalaşdığından təhsildə ekoloji maarifləndirmə işləri davamlı olaraq aparılmalıdır.

Konfrans çərçivəsində, həmçinin “İstixana qazlarının emissiyalarının başa düşülməsində inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu”, “Elmi problemlərin həllində qlobal və regional əməkdaşlığın rolu”, “İqlim dəyişikliyinin və paradiqmaların dəyişməsinin transsərhəd suların idarə edilməsinə təsiri” mövzularında panel müzakirələr aparılıb.

 

Ekologiya