AZƏRTAC Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

post-img

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz stendi ilə iştirak edir. Stenddə AZƏRTAC-ın çap məhsulları və nəşrləri, kitablar və s. təqdim olunur.

Stendi mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Fərid Cəfərov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, deputat Günay Əfəndiyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digərləri ziyarət ediblər.

Stendlə tanışlıq zamanı qonaqlara AZƏRTAC-ın mədəniyyət rubrikasında yayımlanan yeni layihələr, mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar haqqında hazırlanan reportajlar, incəsənət xadimləri ilə müsahibələr barədə məlumat verilib. Ziyarətçilərə, həmçinin AZƏRTAC-ın arxivindən fotolardan istifadə olunan kitablar nümayiş etdirilir.

Mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-ın hər zaman mədəniyyət sahəsinə diqqət yetirdiyini, bütün tədbirləri yüksək səviyyədə işıqlandırdığını diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid xəbərlərin oxuculara çatdırılmasında AZƏRTAC-ın xüsusi rolunu vurğulayıb.

Qonaqlara AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Sərgi noyabrın 8-dək davam edəcək.

Mədəniyyət