“Ömür dastanının boyları” kitabının təqdimatı

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, AYB-nin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü İbrahim Yusifoğlunun 70 illiyinə həsr olunmuş “Ömür
dastanının boyları” kitabının təqdimat mərasimi keçirilib. 

Tədbiri giriş sözü ilə AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli açaraq əlamətdar gün münasibətilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından yubilyarı təbrik edib, onun çoxşaxəli yaradıcılığından danışıb. O, İbrahim Yusifoğlunun layiqli bir ömür yaşadığını, zəngin mənəviyyata, yüksək şəxsiyyətə malik qələm sahibi olduğunu bildirib. 

Sonra tədbirin aparıcısı, şair Kəmaləddin Qədim çıxış edərək Naxçıvan ədəbi mühitinin yetirməsi olan İbrahim Yusifoğlunun həyat  yoluna nəzər salıb, onun ədəbi fəaliyyətlə yanaşı uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olduğunu, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildiyini söyləyib. 

K. Qədim  daha çox uşaq şeirlərinin müəllifi kimi tanınan İbrahim Yusifoğlunu yazdığı uşaq şeirləri kimi səmimi, sadə, təvazökar insan kimi xarakterizə edib.

İctimaiyyətə təqdim olunan “Ömür dastanının boyları” kitabı haqqında da məlumat verən natiq bildirib ki, nəşrdə İbrahim Yusifoğlunun 70 illik yubileyi münasibətilə yazılan məqalə və şeirlər yer alıb. 

Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxışında bildirib ki, sadəlik, təbiilik, uşaq psixologiyasına dərindən bələdlik İbrahim Yusifoğlunun şeirlərinin başlıca məziyyətlərindəndir. İstedadlı şair xalqın sahib olduğu mənəvi  dəyərlərə dərindən bələddir.

Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli qeyd edib ki, daim axtarış, poeziyaya sonsuz məhəbbət, şeirdə təzə söz demək, bir kimsəyə bənzəməmək mücadiləsi İbrahim Yusifoğlunu bir şair kimi səciyyələndirən əsas amillərdir. 

“Ömür dastanının boyları” kitabının elmi redaktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd isə çıxışında İbrahim Yusifoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttinə malik, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan, vətəndaşlıq mövqeyi ilə seçilən istedadlı şair olduğunu bildirib. Vurğulayıb ki, onun uşaq ədəbiyyatı sahəsində çoxillik xidmətləri danılmazdır.

Professor Vüqar Əhməd şairin silsilə əsərləri sırasında 44 günlük Vətən müharibəsindən və tarixi Zəfərdən bəhs edən şeirlərinin müasir poeziyamızda xüsusı dəyər daşıdığını qeyd edib. 

Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov yubilyarı AMEA rəhbərliyi adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. O, şairə səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanını təqdim edib.

Tədbirdə digər çıxış edənlər yubilyarın poetik yaradıcılıq məziyyətlərindən söhbət açıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən İbrahim Yusifoğlu yaradıcılıq fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə tədbirin  təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini səsləndirib.

Qabil YUSİFOĞLU
 XQ

Mədəniyyət