Rejissor Fuad Quliyevin “AZAL təhlükəsizlik videosu” adlı videoçarxı Kann Korporativ Media və TV Mükafatlarının (Cannes Corporate Media and TV Awards) finalına vəsiqə qazanıb.
Videoçarx “Turizm filmləri – İstiqamətlər - Xidmətlər” kateqoriyasında yarışacaq.
Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən audiovizual əsərlər göndərilib.
Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik uçuş təlimatları Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda göstərilir.
Film il ərzində Yapon Dünya Turizm Filmləri Festivalında və SILKFEST festivalında Gümüş, Nyu-York Festivalında, Terres Travel Festivalında və ABŞ Beynəlxalq Mükafatlarında qızıl mükafat qazanıb.
Qeyd edək ki, Fuad Quliyev çoxsaylı turizm və reklam filmlərinin rejissorudur. Onun turizm videoları müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. F.Quliyev bir neçə ay əvvəl “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filminin çəkilişini yekunlaşdırıb və film uğurla tamaşaçılara təqdim olunub.
Rejissor Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin, “Bakı-2015” Birinci Avropa Oyunlarının, “Formula 1 Avropa Qran-Prisi”nin təbliğat videoçarxlarının, 4-cü İslam Həmrəyliyi Oyunlarının videoçarxlarının çəkilişində rejissor kimi iştirak edib.
Kann Korporativ Media və TV Mükafatlarının mükafatlandırma mərasimi sentyabrın 26-da Fransanın Kann şəhərində keçiriləcək.
Mükafatçılara “Delfin heykəlciyi” (Dolphin award) təqdim olunacaq.