KİV nümayəndələri muzeydə

post-img

Sentyabrın 12-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün təşkil olunmuş media-turda iştirak etdik. Bələdçi xanımla birgə muzeyi ziyarət edərək, binanın qədim tarixi, burada nümayiş etdirilən milli və dünya incəsənətinin dəyərli nümunələrindən ibarət daimi ekspozisiyalar, həmçinin sərgilərlə yaxından tanış olduq. 

18000-dən artıq eksponatın saxlandığı bu məkanda Şərq və Qərb incəsənətinin müxtəlif dövrlərinə aid əsərlər sərgilənir. Muzeydə dünya incəsənətinin müxtəlif dövrünü əks etdirən qiymətli və nadir incilər, o cümlədən milli bədii mədəniyyətimizin “qızıl fondunu” təşkil edən sənət nümunələri də var.  Bu misilsiz sənət əsərləri ölkə və dünya mədəniyyətinin xəzinəsi hesab olunur. Muzeyin kolleksiyası ilə tanışlıq insanda milli, eləcə də  dünya  incəsənəti haqqında dolğun və ətraflı təsəvvür yaradır. Burada müxtəlif ölkələrə aid rəngkarlıq, qrafika, heykəltəraşlıq, bədii oyma, zərgərlik və s. kolleksiya nümunələrinə də rast gəlmək mümkündür. Yağlı və sulu boya, quaş, tiyə və digər rəssamlıq alətləri ilə kətan, şüşə, karton və başqa materiallar üzərində işlənmiş zərif incəsənət nümunələri xüsusilə göz oxşayır.   

Muzey kolleksiyasında olan dəyərli əl işlərinin müxtəlif illərdə Kanada, Kuba, Suriya, Fransa, Əlcəzair, İraq və sair ölkələrdə sərgisi də təşkil edilib. Muzeyə məxsus 60 otaqda təşkil olunmuş ekspozisiyada 3000-dən çox əsər sərgilənir. Birinci korpusda incəsənət nümunələri üçün ayrılmış yeddi otaqda  Avropa, onunda rus, qalanlarında isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunmuş əl işləri yer alır. İkinci korpusda səkkiz otaq antik və orta əsr Azərbaycan incəsənətinə, otuz otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub.

Media-turdan sonra muzey əməkdaşlarının təşkil etdiyi “Şərq və Qərb. Şərq modasının qərb mədəniyyətinə təsiri. Kəsişən yollar” adlı mühazirəni dinlədik və “ Yol” adlı geyim kolleksiyasının nümayişinə şahidlik etdik. Mühazirə və moda nümayişi Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Sevil Əliyeva tərəfindən təşkil olunmuşdu. Məruzəçi Şərq və Qərb mədəniyyətlərinin özünəməxsus xüsusiyyətlərindən, geyim tərzi və zövqlərin kəsişdiyi məqamlardan ətraflı danışaraq, mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırdı.  

Xatırladaq ki, 1936-cı ildə əsası qoyulmuş muzey 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır. Son illərdə muzey Fransanın “Luvr”, İtaliyanın “Pinacoteca di Brera”, Rusiyanın “Ermitaj”, Qazaxıstanın təsviri sənət, Gürcüstanın Milli muzeyləri və Tbilisi Dövlət İncəsənət Akademiyası ilə sıx əməkdaşlıq münasibətləri yarada bilmişdir.  

Muzey, həmçinin  bir sıra sosial yönümli layihələri davamlı şəkildə icra  edir. 

Azərbaycanın sürətlə inkişaf etdiyi dönəmdə muzey mədəniyyətimizin və incəsənətimizin təbliğində,  gənc nəsildə milli vətənpərvərlik ruhunun yüksəldilməsi,  onların intellektual və yaradıcı olmaları üçün bir sıra böyük işlər də həyata keçirir. 

 

Fidan SALMANOVA

XQ











Mədəniyyət