Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı başa çatıb.
Ölkəmiz festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən təmsil edilib.
Tədbirin son günü azərbaycanlı musiqiçilərin konsert proqramı təşkil edilib. Konsertdə tarzən Pərviz Musayev və kanon ustası Günel Adıgözəlovanın ifasında milli musiqi əsərlərimiz səsləndirilib.
Üç gün davam edən festival ərzində müxtəlif xalqları təmsil edən nümayəndə heyətləri milli geyimlər və dövlət bayraqları ilə Antalyanın mərkəzi hissəsində yürüş edib, milli çadırlar qurulub, xüsusi konsert proqramları təşkil olunub.
Antalyanın Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil edilən festivalda ölkəmizin milli-mədəni dəyərləri, Azərbaycanın Xalq artisti Azərinin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərovanın, mərkəzin “Xəzər” Xalq Rəqsləri Ansamblı və digər sənətçilərimizin ifasında milli musiqi və rəqslərimiz geniş təbliğ edilib.
Milli çadırımızı ziyarət edən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühittin Böcek Azərbaycan heyəti ilə görüşüb, çadırda sərgilənən ölkəmizə xas əşyalarla yaxından tanış olub. Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla görüşən Mühittin Böcek aktiv iştiraka görə Azərbaycana təşəkkürünü ifadə edib. Bələdiyyə sədrinə üzərində Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunur.
Tədbirin əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır.
Qeyd edək ki, qarşıdan gələn dövrdə Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin birgə layihəsi ilə milli mədəniyyətimizin təbliği məqsədilə bir sıra layihələr planlaşdırılacaq.