Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalanıb

post-img

Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilib. Forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da təmsil olunub. Mədəniyyət və elm sahələrinin nümayəndələrini qloballaşma şəraitində mədəni suverenliyin perspektivlərinin müzakirəsi üçün bir araya toplayan forum, həmçinin sənətin milli ənənələrin və tarixin qorunmasındakı rolunu nəzərdən keçirib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şirin Məlikova beynəlxalq forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edib. Qeyd edilib ki, tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərə təkrarolunmaz təəssürat oyadırlar.

Forum çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Mədəni əlaqələrin və elmi tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandum muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlığı, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsini, bərpa məsələləri üzrə məsləhətləşmələri, mütəxəssislərin təcrübə mübadiləsini, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələləri nəzərdə tutur.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyası Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.



Mədəniyyət