Özbəkistanın qədim Xivə şəhərinin və Şuşanın qardaşlaşması münasibəti ilə Xivədə “Şuşa günləri” başa çatdıqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və ölkəmizdən gələn nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev parkındakı ulu öndərin abidəsinə çiçək dəstələri qoyublar.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Xivədə keçirilən tədbirlərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov da iştirak edib.
Gülqoyma mərasimindən sonra Hüseyn Quliyev və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun rəhbərliyi ilə nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olublar.
Hüseyn Quliyev və nümayəndə heyəti Mədəniyyət Mərkəzindəki Şəhidlər bağına gül dəstələri qoyub, mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi və Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanış olublar.
Sonra mərkəzdə Hüseyn Quliyevlə nümayəndə heyətinin görüşü olub.
Çay süfrəsi arxasında keçən görüşdə Hüseyn Quliyev Azərbaycan-Özbəkistan münasibətləri, bu il avqustun 22-23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, imzalanan mühüm sənədlər haqqında məlumat verib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tural Novruzov Xivə şəhərində keçirilən görüşlər haqqında söhbət açıb, bu qədim şəhərdə baş tutan yaddaqalan mədəni tədbirlərdən danışıb. Şuşa şəhərində aparılaan tikinti, yenidənqurma, bərpa və abadlıq işlərindən danışan T.Novruzov qeyd edib ki, qədim Şuşa turizm şəhərinə çevrilir. Belə ki, ancaq avqust ayında Şuşaya 168 min turist gəlib. Tural Novruzov bildirib ki, Şuşa ermənilər tərəfdən işğaı olunmazdan əvvə bu qədim Azərbaycan şəhərində 196 tarixi abidə olub, onların əksəriyyəti ermənilər tərəfindən dağıdılıb.
Sonra nümayəndə heyətinin üzvləri Daşkəndin görməli yerləri ilə tanış olub.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd