AZƏRBAYCAN DİNİ-MƏDƏNİ İRSİN QORUNMASININ QLOBAL MÜDAFİƏÇİSİDİR

post-img

Ermənistan İkinci Qarabağ müharibəsində uduzduğunu görəndə müxtəlif manipulyasiyalara əl ataraq bunu dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə verməyə cəhd göstərdi. Halbuki ermənilər işğal etdikləri torpaqlarımızda Azərbaycan xalqının bütün dini və mədəni irsini dağıdanda, məscidlərimizi məqsədli şəkildə donuz tövləsinə çevirəndə həmin havadarlar bunu islam müqəddəslərini təhqir edən “Şarl Hebdo”nun timsalında söz və ifadə azadlığının nümunəsi kimi qiymətləndirirdi. Hər halda ermənilərin törətdiyi fakt idi və bu faktın təməlində dayanan niyyət bəşəriyyətin heç vaxt təqdir etmədiyi vandalizmə əsaslanırdı.

Ancaq ermənilərdən fərqli olaraq Azərbaycan xalqı digər dinlərin nümayəndələrinin mənəvi irsinə hər zaman hörmətlə yanaşıb. Yəqin ona görədir ki, bizdə heç vaxt dini-milli zəmində qarşıdırma olmayıb. Bütün xalqlar dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıb və bu proses Azərbaycanda uğurlu inkişafın və sabitliyin qarantı kimi çıxış edib. Çünki Azərbaycan bu məsələyə təkcə mənəviyyat hadisəsi kimi baxmır. Dini dözümlülük və tolerantlıq bizdə dövlət siyasətidir və bu, ölkəmizin beynəlxalq əlaqələrində də xüsusi yer tutur. Elə bu günlərdə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Müqaviləyə görə, Vatikanın ən böyük abidələrindən olan və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Müqəddəs Pavel Bazilikası bərpa olunacaq.

Bildiyimiz kimi, tarixi və dini abidələrin bərpası istiqamətində görülən işlər Azərbaycan-Vatikan əlaqələrinin mühüm tərkib hissəsidir. 2016-2018-ci illərdə Heydər Əliyev Fondu Vatikanda müqəddəs Pietro və Marçellinio katakombalarını bərpa etmişdi. Çünki bu katakombalar ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Bundan əlavə, Müqəddəs Kommodilla katakombalarının və Zevsin heykəlinin də bərpasını qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə tarixdə ilk hadisə idi. İlklər təkcə bununla bitmirdi. 2012-ci ildə Azərbaycan müsəlman aləmində Vatikanda öz sərgisini təşkil edən ilk ölkə kimi tarixə düşmüşdü. Heydər Əliyev Fond eyni zamanda, mədəni sahədə gördüyü işlərinin miqyasını Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpası ilə də nümayiş etdirib.

Heydər Əliyev Fondu Vatikandakı tarixi və dini əhəmiyyət daşıyan abidələrin bərpasına verdiyi dəstək dünya mədəni və dini irsinin qorunmasına töhfə verməklə yanaşı, Azərbaycanın bu sahəyə verdiyi əhəmiyyəti də hər dəfə təsdiqləyir. Çünki Vatikandakı abidələr xristianlığın mühüm rəmzləridir və onların bərpası mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Digər tərəfdən bu fəaliyyətlər Azərbaycanla Vatikan arasındakı diplomatik və mədəni əlaqələri daha da möhkəmləndirir. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, 2002-ci ildə Roma Papası II İohann Pavel, 2016-cı ildə isə Papa Fransisk Bakıya səfər edib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bir neçə dəfə Vatikanda səfərdə olublar. Bu səfərlər birgə layihələrə yeni stimul verib və Azərbaycan Vatikanda bərpa işlərində fəal iştirakla bir müsəlman ölkəsi olaraq dini tolerantlıq və multikulturalizm siyasətinə xüsusi tövhə verib. Ancaq onu da deyək ki, bu fəaliyyət təkcə Vatikanla məhdudlaşmır. Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılması, Strasburq  Kafedral  Kilsəsinin  XIV  əsrə  aid, üzərində  Müqəddəs  Məryəmin və İsa  Peyğəmbərin  həyatı  əks  olunan  vitrajların, Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun, İkinci  Dünya Müharibəsində yanmış və dağılmış Berlin qəsrinin bərpası, həmçinin Romada “Kapitolini” muzeyinin “Filosoflar  zalı”nın təmir olunması da Heydər Əliyev Fondunun xaricdə həyata keçirdiyi uğurlu layihələrin yalnız bir hissəsidir. Bu layihələr beynəlxalq miqyasda Azərbaycana böyük hörmət və nüfuz qazandırıb, ölkəmizin dini dözümlülüyə və müxtəlif mədəniyyətlərə açıq olduğunu göstərib. Azərbaycan bu cür təşəbbüsləri irəli sürməklə hər dəfə dünya ictimaiyyətinə mədəniyyətlərarası əməkdaşlıq və sülhün vacibliyini xatırladıb. Bu prosesdə Heydər Əliyev Fondunun xüsusi fəallıq göstərməsi isə ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb, onun mədəniyyət sahəsindəki töhfələrini dünya miqyasında tanıdıb və Azərbaycanın humanitar sahədə fəal iştirakını vurğulayıb. Ermənistanın qarayaxma kampaniyasına baxmayaraq, bu cür layihələr Azərbaycanı həm də dini tolerantlığın, mədəni irsin qorunmasının qlobal müdafiəçisi kimi tanıdıb, bu isə ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirib.

Hələ bir müddət əvvəl nüfuzlu beynəlxalq təşkilatların, dünya dini liderlərinin Bakıda sammitləri keçiriləndə bəzi insanlar fikirləşirdilər ki, bunlara ehtiyac varmı? Zaman göstərdi ki, ehtiyac var! Çünki bunlar əslində, bu gün bizim istifadə etdiyimiz sərmayələrdir. Biz Azərbaycanın tolerantlığa, multikulturalizmə, dialoqa dəstəyini bu şəkildə nümayiş etdirməsəydik bu gün qərəzli münasibət göstərən siyasətçilərin yanında bəlkə də qərəzli din xadimlərini də görə bilərdik. Ona görə də qətiyyətlə deyə bilərik ki, xalqımızın mənəvi dünyasının bütövlüyü bütün dinlərin nümayəndələrinin birgəyaşayışında əks olunub. Azərbaycan dinlər arasındakı həmrəyliyin, birliyin hökm sürdüyü dünyanın qurulması yolunda əzmlə çalışıb və bu, həmişə bizim tarixi özəlliyimiz kimi çıxış edib.

MTM Analitik Qrup





Mədəniyyət