Respublika Gənclər Kitabxanasında gənc şairə Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc şair Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media nümayəndələri, tələbə-gənclər iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı gənc şairə Arzu Əyyarqızını yaradıcılığı haqqında geniş məlumat verərək, “Ən müqəddəs pay kəlağay” kitabı, müəllifin sayca üçüncü kitabı olduğunu qeyd etdi. Redaktoru araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi Güllü Eldar Tomarlı, məsləhətçisi Elvira Həmidli olan kitabın Azərbaycan kəlağayısının UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə bir töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, bu səpkili tədbirlərin, kitab təqdimalarının, gənc müəlliflərlə görüşlərin kitabxanalarda, keçirilməsi əhəmiyyətindən və gələcəkdə geniş audioriyada təbliğ olunması imkanından danışdı. Şairə Arzu Əyyarqızının poeziya janrında yazıb-yaratdığını və yaradıcılığında müşahidə edilən mövzu rəngarəngliyindən, şeirlərində vətənpərvərlik ruhunun, Vətənə, həyata ali sevgi motivlərinin üstünlük təşkil etdiyini söylədi. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda çox həssas, incə bir janrı olduğunu vurğulayaraq, bu gün poeziya janrında vətənpərvərlik ruhlu əsərlərin yazılması əhəmiyyətini vurğuladı. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif etdi.
Tədbir iştirakçıları Arzu Əyyarqızının lirik dünyasının onun milli ruhu, azadlıq, haqq-ədalət savaşı, sevgisi kimi saf və duyğulu olduğunu, şeirlərinin milli ruh nəğmələri olduğunu bildirdilər, şairənin poetik nümunələrində Əlibəy Hüseynzadə, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun dəsti-xəttinin sezildiyini dilə gətirdilər. Şairənin gənc olsa da, müdrik düşüncələri, milli mənəvi dəyərlərə sonsuz ehtiramı ilə hər bir oxucusuna nümunə olduğunu söylədilər.
Müəllif Arzu Əyyarqızı poeziyanı, şeiri ruhunun, qəlbinin ayrılmaz bir hissəsi olduğunu deyərək, yaradıcılığa gənc yaşlarından başladığını və bu gün kitablarının işıq üzü görməsindən, geniş oxucu auditoriyasına təqdim edilməsindən qürur duyduğunu söylədi, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.
Tədbirdə şairənin “Kəlağay”, “Düşüb könlümə”, “Kaşki”, “Alın darıxmağın əlindən məni” və digər şeirləri, sözlərinə bəstələnən mahnılar səsləndirildi. Tədbirin sonunda müəllif kitablarını kitabxanaya hədiyyə etdi.