Dostuq və qardaşlıq rəmzi: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub

post-img

2023-cü ilin dağıdıcı zəlzələlərdən zərər çəkmiş Türkiyənin Kahramanmaraş şəhərində sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tikintisi davam edən “Azərbaycan” məhəlləsində yerləşən bu təhsil müəssisəsinin açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekin iştirak ediblər.

İki qardaş ölkənin nazirləri onlarla bir cərgədə oturmuş məktəb şagirdləri ilə söhbət ediblər. Şagirdlərdən biri Azərbaycan-Türkiyə dostluğu və həmrəyliyi barədə şeir oxuyub. Sonra vilayətin rəqs kollektivlərinin çıxışı olub. 

Məktəb binasında iki qardaş ölkənin Dövlət bayraqları, həmçinin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəsmləri olan plakatlar asılıb.

Mərasim iştirakçılarına müraciət edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Azərbaycan ilə Türkiyənin qardaşlığı öz əksini konkret layihələr və proqramlarda tapır. O əlavə edib: “Qardaşlığımızın təzahürlərindən biri Kahramanmaraşda Heydər Əliyev adına ibtidai məktəb oldu. Ümidvaram ki, bu məktəb tezliklə Azərbaycanın məktəblərindən biri ilə qardaşlaşacaq, türkiyəli və azərbaycanlı şagirdlər və pedaqoqlar isə qarşılıqlı səfərlər edəcəklər”.

Emin Əmrullayev iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlıq tarixində daha bir mühüm hadisəyə - Bakıda Azərbaycan-Türkiyə Universitetinin açılışına diqqət çəkib. Nazir yeni universiteti Türkiyə və Azərbaycan liderləri arasında dostluğun ən yaxşı təzahürü adlandırıb.

Nazir xatırladıb ki, Bakıda bu təhsil layihəsi Türkiyənin üç universiteti və Azərbaycan universitetlərindən birinin birgə səyləri ilə həyata keçirilib.

O, həmçinin Xankəndidə Qarabağ Universitetinin açılışını da xatırladıb. “Əminəm ki, Qarabağ Universiteti bütün Türk dünyasının daha bir təhsil mərkəzinə çevriləcək”, - deyə E.Əmrullayev qeyd edib.

Azərbaycan Təhsil Nazirliyinin rəhbəri iki qardaş ölkənin şagirdlərini yeni tədris ili münasibətilə təbrik edib. O qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda və Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq ideyasında tərbiyə olunması üçün mümkün olan hər şey edilməlidir.

Təbii fəlakət zonasında məktəb tikintisi Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə həyata keçirilib.

Qardaş ölkənin milli təhsil naziri Yusuf Tekin, öz növbəsində, Türkiyədə təbii fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və təhsil naziri Emin Əmrullayevə təşəkkür edib.

“Biz bütün dost ölkələrə, xüsusən də Azərbaycana, qardaş ölkənin hər bir sakininə minnətdarıq”, - deyə nazir vurğulayıb.

Türkiyə Milli Təhsil Nazirliyinin rəhbəri zəlzələlərin mənfi nəticələrinin tezliklə tamamilə aradan qaldırılacağına və təbii fəlakət zonasındakı bütün təhsil müəssisələrinin öz işini tam şəkildə bərpa edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Kahramanmaraş vilayətinin rəhbər şəxsləri mərasim iştirakçıları qarşısında çıxış ediblər.

Nazirlər uşaqlarla birlikdə Heydər Əliyev adına ibtidai məktəbin rəmzi açılışını bildirən lenti kəsib, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra Əmrullayev və Tekin təhsil ocağının binasına baxış keçirib, xatirə şəkli çəkdiriblər.

Təhsil ocağının üçmərtəbəli binası iyirmidən çox sinif otağından ibarətdir. Məktəbdə ibtidai siniflərdə dərslərlə yanaşı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də adını daşıyan hazırlıq şöbəsində məşğələlər üçün otaqlar ayrılıb.

Məktəb ən müasir tələblərə uyğun, tədris prosesi üçün lazım olan bütün avadanlıqla təchiz olunub.

Bu təhsil ocağında idman zalı, kitabxana, məscid, yeməkxana, zərurət yarandıqda sığınacaq kimi istifadə oluna biləcək otaq var. Bundan əlavə, burada basketbol meydançası, balacalar üçün oyun meydançası da tikilib. Məktəbə bitişik ərazi abadlaşdırılıb. Binada digərləri ilə yanaşı, əlil uşaqlar üçün lift və tualet də mövcuddur.

Tezliklə ibtidai siniflərdə dərslər başlayacaq. Kahramanmaraş rəhbərliyini bir sıra qəzalı məktəb binalarını sökməyə məcbur edən keçənilki faciənin miqyasını nəzərə alsaq, tədris prosesi iki növbədə təşkil edilə bilər. Siniflərin sıx olduğu vilayətin digər təhsil ocaqlarından yüzlərlə şagird Heydər Əliyev adına ibtidai məktəbə köçürüləcək.

Məktəbin açılış mərasimində Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinin əməkdaşları, MİDA-nın əməkdaşları, Kahramanmaraş vilayətinin rəhbərliyi də iştirak edib.























Son xəbərlər