Müsahibim Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Müəllif Kuklalar Təşkilatının üzvü, bir sıra dünya miqyaslı müsabiqə, festival və sərgilərin iştirakçısı Fərəh Əliyevadır. O, kukla sənəti ilə 2010-ci ildən məşğul olur. Fərəh xanımla bu peşəyə olan sevgisindən və kukla hazırlamağın onun üçün nə qədər əhəmiyyətli olduğından danışdıq.
- Bu incəsənət növünü nə cür və hansı formada təbliğ edirsiniz?
- Artıq 14 ildir ki, kuklaların hazırlanması işi ilə peşəkar formada məşğul oluram. Bu müddət ərzində yüzdən çox əsərim Azərbaycan, Fransa, ABŞ, Gürcüstan, Rusiya, İsrail və digər ölkələrdəki muzeylərdə, incəsənət qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Şəki muzeyində “Sarı gəlin”, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində kukla kolleksiyam var. “Kukla” adlı əsərin də müəllifiyəm. Ölkəmizi tələbələrimlə birgə Moskva, Kiyev, Praga, Tiflisdə, Ankara və başqa şəhərlərdə də təmsil etmişəm. Azərbaycanda bir neçə dəfə təşkil olunmuş Beynəlxalq Kukla Bienallisi tədbirlərində, beynəlxalq sərgilərdə iştirak etmişəm. Bu günə kimi isə cəmi 6 fərdi sərgim təşkil olunub.
- Tələbələriniz necə, varmı? Onların işindən razısınız?
- Mən özüm 5 nömrəli internat məktəbində fiziki məhdudiyyətli uşaqlarla işləyirəm. Onlarda bu peşəyə daha çox həvəs yaratmaq üçün tez-tez sərgilər təşkil edirik. Bundan əlavə, müxtəlif yerlərdə - Beynəlxalq Oxbridge Akademiyası, Bakı Oxford Məktəbi, TİSA Azərbaycan Beynəlxalq Məktəbi və digər universitetlər, institutlar, Rəssamlıq Akademiyasının qalereyalarında tələbələr üçün ustad dərslər keçirəm. Çox istəyirəm ki, gənclər bu sənəti öyrənsin. Kukla ustası olmaq çox böyük təcrübə və zəhmət tələb edir. Müşahidələrim əsasında görürəm ki, müasir nəslin nümayəndələrinin böyük əksəriyyəti buna hazır deyil və işinin öhdəsindən layiqincə gələ bilmirlər. Və mən buna çox təəssüf edirəm. Düşünürəm ki, bu sahədə təhsil və təlimə peşəkar yanaşma yoxdur. Kukla rəssamları, əsasən özləri tələbələr yetişdirirlər. Mən belə hesab edirəm ki, gəncləri bu sahəyə cəlb etməklə bu sənətə milli kolorit gətirə və mədəniyyətimizi daha da zənginləşdirə bilərik.
- Kuklaların hazırlanma prosesindən də danışardınız. Daha çox hansı materiallardan istifadə edirsiniz?
- Müxtəlif materiallarla işləyirəm. Hər bir kuklanın hazırlanmasında fərqli texnikalar, rənglər, qeyri-adi üslublardan istifadə edirəm. Məsələn, daha çox plastik gil və papye-maşedən (yapışqan, gips və təbaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə), dəmir məftildən karkazlar (gövdə, skelet, maket) düzəldirəm. Onu mis məftil, sonra folga kağız və gilnən örtərək, forma verirəm. Daha sonra cilalayıb bədən nahilərini düzəldirəm. Sonda isə üz cızgilərini verərək, saç yapışdırıram, boya çəkirəm, geyim tikirəm, geyindirirəm. Nəticədə yeni bir obraz, personaj yaranır. Hər bir kuklanın hazırlanması üçün ən az iki həftə vaxt sərf olunur. Təxəyyülüm təkcə bununla məhdudlaşmır. Bu işdə hər hansı bir qaydaya əməl etmədən, unikal üslubda qeyri-adi yanaşmalar axtarıb tapa bilirəm. Materialları da fikrimdə canlandırdığım obraza uyğun seçirəm. Buna əyani nümunə kimi, kukla obrazını Bakının qədim memarlıq üslubu ilə sintez etdiyim “Qız qalası” əl işimi qeyd edə bilərəm. Onu yaratmaq mənim üçün o qədər də asan olmayıb. Bu kuklanı fərqli çalarlarda, özüməməxsus formada işləyib hazırlamışam.
- Məşhur adamlardan kimlərin kuklasını hazırlamısınız? Ümumiyyətlə, kukla düzəltmək üçün sifariş edənlər olurmu?
- Bəli, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın kuklasını hazırlayıb təqdim etmişəm. Həmçinin, Leyla Əliyeva, Xurşud Banu Natavan, İngiltərə kraliçası Elizavettanın kuklasını yaratmışam. Bununla yanaşı, digər məşhurların da portret kuklalarını düzəltmişəm. Hazırda İrəvan xanının kuklası üzərində işləyirəm. Sifariş edenlər çox olur. Hər bir kukla mənim üçün doğmadır, əzizdir. Onları öz balalarım kimi sevirəm. Şəxsi kolleksiyamda 200-dən çox kuklalar var. Bunlar müxtəlif - avanqard, müasir, milli, buduar, konseptual və s. üslublardadır. Düşünürəm ki, müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır. Kuklalarım oyuncaq deyil, hər biri bir əsərdir. Onlar həm də öz fəlsəfi və ideya daşıyıcısı olan, öz xasiyyəti ilə insanların qəlbində yaşayan bir personajdır.
Fidan SALMANOVA
XQ