Yeni musiqi əsərləri də tədris ediləcək

post-img

Bəstəkarlarımızın son dövrlərdə yazdığı əsərlər də musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək. Bu barədə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı birgə razılığa gəlib. Hazırlanacaq not nümunələri sistemli şəkildə elektron daşıyıcılarda və kağız formatında məktəblərə veriləcək. 

Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimli bu barədə məlumat verərək bil­dirdi: 

– Materialları Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı hazırlayacaq. Yeni bəstələrin müvafiq təh­lillər aparıldıqdan sonra proqramlara əlavə olunacağı nəzərdə tutulur. 2024/2025-ci dərs ilindən başlayaraq tədris olunacaq əsərlər arasında Firəngiz Əlizadənin “Zəfər marşı”, Elnarə Dadaşovanın, Adilə Yusifo­vanın fortepiano üçün pyesləri və “Yaz nağı­lı” kantatası, Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün musiqi əsərləri yer alır. 

Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir üslubları mə­nimsəməsinə kömək, yeni nəsil bəstəkarla­rın yaradıcılığının təbliğidir. 

Əməkdar incəsənət xadimi, sənətşü­naslıq üzrə fəlsəfə doktoru, bəstəkar El­narə Dadaşova təşəbbüsə münasibətini belə ifadə etdi:

– Uşaqlara ünvanlanan musiqilərimi­zin məktəb, bağça və liseylərdə bu və ya digər formada təbliğ olunması çoxdankı arzumuz idi. Təəssüf ki, uşaqlar üçün ya­zılan musiqi onlara lazımınca çatdırılmır­dı. Odur ki, məktəblərimizdə bəstəkarların əsərlərinin tədris olunması təşəbbüsünü alqışlayıram. Bu addım müsbət nəticələrə yol açacaq. Düzdür, bir qədər gecikmişik, amma uşaqların düzgün musiqi tərbiyə­si almaları günün tələbidir. Mədəniyyət Nazirliyi ilə müzakirələrimiz zamanı belə bir fikir irəli sürdük ki, musiqi materialla­rını elektron formada hazırlayaq. Hər bir bəstəkar öz əsərini yoxlasın, sonra onu təqdim edək. Çünki əvvəlki təcrübə özü­nü doğrultmayıb. Yəni əsərlər əlyazma şəklində götürülüb, yığılmış variant bəstə­kara göstərilmədən çap olunub. Buna görə də bəzən təhriflər olub. Elektron variantda hazırlanan materiallar isə nəşr baxımından çox rahatdır. Bu əsərlər müəlliflərin əqli mülkiyyətidir və onlar qorunmalıdır. 

Qeyd edək ki, uşaqların musiqi təhsi­linin təkmilləşdirilməsində istedadla yazıl­mış əsərlərin mənimsənilməsi önəmlidir. İnanırıq ki, təşəbbüs şagirdlərin bilik və bacarığına, estetik tərbiyəsi və zövqünə müsbət təsir edəcək. 

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət