“Qərbi Azərbaycan aşıqları” layihəsi başa çatıb

post-img

Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarının yer aldığı audiodiskin dünən təqdimatı oldu. Disk aşıq sənətinin araşdırıcıları, gənc aşıqlar və bu musiqinin həvəskarları üçün dəyərli bir mənbədir.

Mərasimdə giriş sözü söyləyən Azər­baycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı söylədi: 

– “Qərbi Azərbaycan aşıqlarının mu­siqi repertuarı” adlı layihə çərçivəsində ərsəyə gəlmiş audiodisk aşıq sənətinə əvəzsiz töhfədir. Qərbi Azərbaycan musiqi toplusunda aşıq mühitləri ilə bağlı saz ha­valarına və tarixi yerlərimizə həsr edilmiş şeirlərə üstünlük verilib. Aşıqlar Birliyi aşıq mühitinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetiriləcək. Məqsəd ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların irsini qorumaq, musiqi repertuarını zənginləşdirmək, yar­dımçı olmaq və ictimaiyyətə təqdim et­məkdir.

AAB-ın katibi və layihə rəhbəri Musa Nəbioğlu isə bildirdi ki, diskdə əslən Qərbi Azərbaycandan olub, dədə-baba yurdların­dan didərgin salındıqdan sonra respublika­mızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarı elektron mənbədə sistemli əks olunub. Göyçə, İrə­van, Zəngəzər, Dərələyəz, Ağbaba, Lo­ru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət ayrılıb. Diskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göy­çəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəli­lov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrə­toğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər. Bu audiodiskin nüsxələri aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə hədiyyə ediləcək. 

Moskvada fəaliyyət göstərən pro­fessor, Göyçə əsilli Şakir Səmədoğlu, ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Yusif Ağbulaqlı layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrə­nilməsində və ənənənin qorunub yaşadıl­masında müstəsna rol oynayacağını vur­ğuladılar. 

Yığıncaq aşıqların ifasında konsert proqramı ilə davam etdi. 

C.BALABƏY
XQ



Mədəniyyət