Rusiya Kamala Harrisi dəstəkləyəcək

post-img

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışında bir sıra aktual beynəlxalq mövzulara toxunub. Cənab Putin Ukrayna ilə danışıqların pesrpektivindən danışıb. Bundan başqa, o, ABŞ-də noyabr ayında keçiriləcək prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəkləməyə çağırıb.

Şərq İqtisadi Forumu Rusiyanın Uzaq Şərqinə xarici investisiyaların stimullaşdı­rılması və Asiya-Sakit okean regionunda iqtisadi əməkdaşlığın inkişafı məqsədi ilə hər il Vladivostokda keçirilir. Forumda iqtisadi məsələlərlə yanaşı, aktual bey­nəlxalq mövzulara da toxunulur. Bu dəfə də istisna olmadı. Rusiya prezidenti Vladi­mir Putin çıxışında Ukrayna ilə danışıqlar barədə fikirlərini açıqladı. Kremlin sahibi vurğuladı ki, Rusiya Ukrayna ilə danışıq­lara razıdır, ancaq danışıqlar 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasın­da aparılmalıdır. Onun sözlərinə görə, əv­vəllər bu razılaşmalar Ukrayna üçün uyğun idi, lakin ölkə hakimiyyəti Qərbin göstərişi ilə bundan imtina etdi.

Putinin sözlərinə görə, 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri “mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri”ni razılaşdıra bilmiş­dilər. Onun sözlərinə görə, razılaşma şərt­lərini Ukrayna nümayəndə heyətinin rəh­bəri David Araxamiya da təsdiqləmişdi: “Bəli, hələ də yekunlaşdırılmalı olan bəzi məqamlar var idi, amma ümumilikdə viza qalır, bu sənəddir. Sonra cənab Conson gəldi (Boris Conson danışıqlar zamanı Bö­yük Britaniyanın baş naziri vəzifəsini icra edirdi – XQ), məlum olduğu kimi, Brita­niya hakimiyyət orqanları bunu təsdiqləyir və ukraynalılara sonuncu ukraynalıya qə­dər döyüşmək göstərişi verir. Bu gün bun­lar Rusiyanın strateji məğlubiyyətinə nail olmaq üçün baş verənlərdir”.

Xatırladaq ki, İstanbul sazişləri pake­tinə Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahı hazırlamaqdan imtinası da daxil idi. Rusiya ilə danışıqlarda Ukray­na nümayəndə heyətinə başçılıq edən Ali Radada “Xalqın qulluqçusu” fraksiyası­nın lideri David Araxamiya demişdi ki, 2022-ci il İstanbul danışıqlarında Rusiya nümayəndə heyəti Ukraynanın NATO-ya üzv olmaqdan imtina edəcəyi təqdirdə müharibəni dayandırmağı təklif etmişdi. Ukrayna nümayəndələrinin niyə bu tək­lifi qəbul etmədiyi sualına cavab olaraq, cənab Araxamiya bildirmişdi ki, bunun üçün Ukraynanın NATO-ya üzv olacağı­nı bildirən Konstitusiyanın dəyişdirilməsi tələb olunacaqdı. Bundan əlavə, siyasətçi açıqlamışdı ki, Ukrayna hakimiyyəti rusla­ra etibar etmir: “Rusların bunu edəcəyinə inam yox idi. Bu, yalnız təhlükəsizlik tə­minatları olduqda edilə bilərdi... Üstəlik, biz İstanbuldan qayıdanda Boris Conson Kiyevə gəldi və dedi ki, biz onlarla ümu­miyyətlə, heç nə imzalamayacağıq və gəlin vuruşaq”. 

Rusiya lideri forumda dünyanın diqqət­lə izlədiyi ABŞ prezident seçkilərinə mü­nasibətini də açıqlayıb. V.Putin prezident seçkilərində Kremlin favoritinin ABŞ-nin hazırkı prezidenti Co Baydenin olduğunu bildirib, lakin o, seçkilərdə iştirakdan im­tina etmək qərarına gəldiyindən və tərəf­darlarını vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırdığından, Kreml də bunu edəcək: “Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, hələ də Amerika xalqının seçimidir. Dedim ki, bizim sevimli, belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, ya­rışdan kənarlaşdırıldı, lakin bütün tərəfdar­larını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Biz də bunu edəcəyik – onu dəstək­ləyəcəyik. Bu, ilk növbədə. İkincisi, o, çox ifadəli və yoluxucu şəkildə gülür. Bu o deməkdir ki, onda hər şey yaxşıdır”.

Rusiya prezidenti qeyd edib ki, indi yenidən dövlət başçısı postuna iddialı olan ABŞ-nin 45-ci prezidenti Donald Tramp ondan əvvəl heç bir Amerika prezidenti­nin tətbiq etmədiyi qədər sanksiya tətbiq edib. “Əgər xanım Harris yaxşı işləyirsə, o zaman, bəlkə də, bu cür hərəkətlərdən çəkinəcək. Son nəticədə seçim Amerika xalqının ixtiyarındadır və biz bu seçimə hörmətlə yanaşacağıq”, – deyə cənab Putin əlavə edib. 

S.ELAY
XQ

Dünya