Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib

post-img

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə inşa edilən və 2023-cü ildə açılışı olan Antalya Mərkəzi Kitabxanası bu sahə üzrə regionunun ən böyük məkanına sahibdir. Bir milyon kitab fonduna və 2500 nəfərə xidmət göstərmək imkanlarına malik, müasir kitabxana-informasiya konseptinə uyğun qurulan məkan şəhərin tələbələrin daha çox məskunlaşdığı Akdeniz Universitetinin yaxınlığında yerləşir.

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində bölgənin ən böyük elm, informasiya mərkəzi olan Antalya Kitabxanasını ziyarət edib, kitabxananın direktoru Oğuzhan Ceylanla görüşüb.

Toplantıda Antalya Böyükşəhər Bələdiyyəsinin sədr müavini Evrim Yalçın, şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin müdiri Azər İsmayıl və Azərbaycan nümayəndə heyətinin digər üzvləridə iştirak ediblər. Tərəflər Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, iki tərəf arasında “qardaşlaşmış kitabxanalar” layihəsinin reallaşdırılması, qarşılıqlı səfərlərinin təşkili, birgə layihələrin həyata keçirilməsi, Antalya kitabxanasında “Azərbaycan fondu”nun, “Türk dünyası guşəsi”nin yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə ilin bir gününün Azərbaycana həsr olunması barədə danışıblar.

Görüşdə həmçinin kitabxanada “Azərbaycan günü”nün keçirilməsi, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının təşkili və bu kimi digər məsələlər müzakirə olunub, razılıqlar əldə edilib. Toplantıda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və Türk dillərində nəşrlər Antalya Kitabxanasına hədiyyə edilib.

Görüşdə bildirilib ki, Antalya şəhərində Kəpəz Bələdiyyəsi sisteminə aid edilən kitabxanada əhalinin bütün təbəqələri, həmçinin fiziki qüsurlu insanlara da xidmət edilir.

Qeyd edək ki, Antalya kitabxanası ilin 365 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.











Mədəniyyət