Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Teatrdan bildirilib ki, toplantıda çıxış edən sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev yeni mövsüm münasibətilə kollektivi təbrik edib.

Teatr rəhbəri hesabat xarakterli çıxışında ötən mövsümdəki uğurlarla yanaşı gələcək layihələrdən də danışıb: “Musiqili Teatrın ötən mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti istər respublikamızda keçirilən tədbirlərdə, istərsə də xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edib. Bu il də istisna deyil. Elə sentyabrın 10-dan 16-dək Belarus Respublikasının Brest şəhərində keçiriləcək 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında “Aysedora” (Zinovıy Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev) tamaşası ilə çıxış edəcəyik. Bundan əlavə, vokal ifaçımız Rauf Babayev də bu ayın 21-i və 22-də Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək”.

Tədbirdə kollektivin bu ilin sonunadək Gəncə, Lənkəran və Şəki şəhərlərinə də qastrol səfərlərinin nəzərdə tutulduğu vurğulanıb, həmçinin gələcək layihələr barədə də bir sıra fikirlər səsləndirilərək müzakirələr aparılıb.



Mədəniyyət