Dünən mədəniyyət paytaxtımız Şuşada Qarabağ Zəfərimizdən sonra bərpa edilən və dördüncü dəfə keçirilən Vaqif Poeziya Günlərinin son akkordları səsləndi.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkil etdiyi söz-sənət bayramı çərçivəsində Otel-Konqres Mərkəzində gerçəkləşən “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans anadilli klassik poeziyamızın Füzuli ilə başlayıb Vaqiflə mükəmməlləşən gözəllik və kamillik fəlsəfəsinə Şuşa türklük zirvəsindən baxış oldu. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin moderatorluğu ilə keçirilən sənət məclisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə Vaqif Poeziya Günlərinin ehtiramı və töhfəsi kimi sərgiləndi.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Prezident sərəncamından irəli gələn vəzifələrə uyğun təşkil edildiyini söylədi: “Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin poetik nümunələri, hər biri bir kəşf səviyyəsində olan elmi əsərlərini Azərbaycan və dünya oxucuları sevərək oxuyurlar. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə nəinki zəifləmir, əksinə yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”.
Akademik diqqətə çatdırdı ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin də öyrənilməsi istiqamətində mühüm işlər görülür. Şərqşünas alim söz və məna sərrafı Füzulinin Ümumşərq poeziyasını zənginləşdirmiş bənzərsiz ədəbi irsindən bəhs edərək son illər rəhbərlik etdiyi institutda bu istiqamətdə aparılan elmi axtarışlardan da danışdı.
AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd etdi ki, ölkəmizin taleyi üçün son dərəcə ağır olan dövrdə – 1994-cü ildə ümummilli lider Heydər Əliyev dahi şairin 500 illik yubileyinin keçirilməsini təxirə salmamış, əksinə, Füzulinin yubileyinin həm Azərbaycanda, həm də yaxın-uzaq ölkələrdə silsilə təntənələrə çevrilməsini, yüksək səviyyədə qeyd olunmasını təmin etmişdir. Bu gün də yubileyi layiqincə keçirməklə Azərbaycanı müstəqil bir dövlət, təbii sərvətlərlə zəngin ölkə olmaqla yanaşı, şanlı tarixə, parlaq mədəniyyətə sahib məmləkət kimi tanıtmalıyıq.
Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Fərid Hüseyn ölməz Füzulinin həmişəyaşar söz dünyasından söhbət açdı.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov dedi ki, tarixi Zəfərdən sonra biz artıq 4-cü dəfədir mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi münasibətilə bir araya gəlirik: “Xoş təsadüfdür ki, bu il Füzulinin 530 illik yubileyi ili də ölkəmizin dünya miqyaslı aksiya olan COP29-a evsahibliyi etdiyi bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində də Füzuli ilə bağlı dolğun məlumatları xarici ölkələrin yazar və şairlərinə çatdırmaqla yanaşı, həm də onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgilər verək”.
Mədəniyyət Nazirliynin Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı keçirdiyi tədbirlərdən danışan nazir müavini qeyd etdi ki, ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində – Dohada, Pekində və digər şəhərlərdə dahi şairin irsi təbliğ olunub, ona aid Azərbaycan stendində xüsusi guşələr yaradılıb. Bu ilin oktyabrına planlaşdırılan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi də Məhəmməd Füzulinin yubileyinə həsr ediləcək.
Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında duet təqdim etdilər.
Konfransdan sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Sözün repressiyası” sənədli filminin nümayişi oldu. “Bulatfilm Production” şirkətinin istehsalı olan ekran əsərinin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur. Filmdə repressiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsindən danışılır. Eyni zamanda, Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi ekran texnologiyası ilə araşdırılır.
Filmdə Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.
Poeziya bayramına Xurşidbanu Natəvanın evinin qarşısında təşkil edilən “Vaqiflə səyahət” adlı bədii-musiqili tamaşa ilə yekun vuruldu. İlk dəfə təqdim olunan kompozisiya azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin Şirvaniyə həsr olunub. Görkəmli alimin həyat yolu, ömür kredosu bir daha sənət adamalarının gözləri qarşısında vəqərləndi. Tamaşanın ssenari müəllifi AYB-nin katibi İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Əsərdə, eyni zamanda, Məhəmməd Füzuli, Nəsimi, Məhsətidən tutmuş Azərbaycan şeirinin, musiqi mədəniyyətinin inkişafında xidmətləri olan söz xiridarlarının ömür yoluna, yaradıcılığına toxunulur, onların keçdiyi yol bir örnək kimi təqdim edilir.
Tamaşada Şuşa Dövlət Musiqili Dram, Azərbaycan Dövlət Pantomima və Azərbaycan Dövlət “Yuğ” teatrlarının aktyorları ilə yanaşı, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nigar Şabanova, xanəndələr Hüseyn Məlikov, Nüşabə Kərimli, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri iştirak edirdilər.
Böyük peşəkarlıqla hazırlanmış səhnə təqdimatı görkəmli söz xiridarlarımızı sənət bayramı iştirakçılarına daha yaxından tanıtdı.
Bununla da, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən növbəti Vaqif Poeziya Günləri tarixə qovuşdu.
Əli NƏCƏFXANLI
XQ
Şuşa sevgisi
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqdı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər can atdı...
Adında qoşa heca – sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,
Heyrət çökən dərələr ucalıq heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli
Daş deyil hörülən daş, məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
Rəşad Məcid,
şair-publisist
... Adsız qəhrəman
Mən sizə bu savaşda ölməyi əmr edirəm,
Siz ölümə gedəndə ölüm sizdən qaçacaq.
Bu şəhərin yolunu üzümüzə açsanız
Allah da dərgahında sizə qucaq açacaq.
Mən sizə bu savaşda ölməyi əmr edirəm,
Ancaq ölüm gəlmədən düşməni öldürməyi.
Başqasının yurduna göz dikəni ağladıb
30 il yas tutanın üzünü güldürməyi!
Mən sizə bu savaşda ölməyi əmr edirəm,
Ölümün qucağına dirilik sinməlidir.
Əmrim ölüm olsa da ancaq bu son savaşdan
Əsgərim qələbəylə, sapsağlam dönməldir!
Qarşıda sıldırımlar, dik qayalar baş-başa,
Gərək qartal olasan, gərək qanadın ola.
Ya da bu qayalardan səni alıb qaldıran
Bir uçuş ehtirasın, dəli inadın ola.
Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,
Qayaların başında düşmən əsgəri min-min.
Yağış ol, dumana dön, düşmən duyuq düşməsin
Gözündəki şimşəyi görənə kimi sənin.
Ölüm-dirim anında haqdan gələn bir nida
Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.
Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,
Yüz ili adlayaraq Şuşada da səslənir.
Əsgərin silahı yox, əmrin özü silahdır,
Bu əmr özü qanaddır, qaldırır uçurumdan.
Düşmən gözünü açıb görür bir körpə ruhu
30 yaşa dolaraq gəlibdir Xocalıdan.
***
Adına qurban olum, ey adsız qəhrəmanım!
Ruhundakı tilsimə heyran olub durmuşam.
Siz Vətən fədaisi! Qəlbimdə hərənizə
Neçə ləqəb düşünüb, neçə ad uydurmuşam.
Yürü, yürü, Mete xan, burda da sərkədəsən,
Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.
Gürşad saraylar yıxır qırx igidi başında,
Özgürlük deyə-deyə Xürrəmi Babək gəlir!
Gəlir Oğuz, Bayandur, Alparslan, Qızıl Arslan,
Çağrı bəyin yoluna düzülüb neçə oğul,
Siz bu günün Çingizi, siz bu günün Timuru,
Sizlərin simasında dirilibdir Ərtoğrul!
Sizin adınız namus, qeyrət, şəhid, intiqam,
Milyon-milyon adlı var, tüpürürlər adına.
Ata-ana ad verib böyütdülər sevgiylə,
Sonra da alışdılar pis övladın oduna.
Get, adsız qəhrəmanım, Qacar ala bilmədi,
Bu qalanı seyr etdi dediyi o şüşədən.
Qala - təxəllüsündür, Qaya - sənin ayaman
Öz əsil adınısa alacaqsan Şuşadan...
Ya da ki, Dədəm Qorqud dilləndirib qopuzu
Türkün ölməz ruhundan verər sözə yeni can.
Deyər ki, ayırmıram sizi bir-birinizdən,
Şuşa fatehlərinin bir adı var: Qəhrəman!
Sabir Rüstəmxanlı,
xalq şairi