Paytaxt muzeylərinin turizmə töhfəsi

post-img

Hər il dünyanın müxtəlif ölkələrindən paytaxt Bakıya minlərlə turist gəlir. Əksər hallarda turistlərlə şəhərimizin gəzməli-görməli yerlərində qarşılaşırıq ki, bu da təbiidir. Bu il şəhərin mərkəzi küçə və meydanlarında turist qələbəliyi daha çox nəzərə çarpır. Turistlər paytaxtın  tarix və mədəniyyət abidələrinə üz tutur, müxtəlif təyinatlı muzeyləri ziyarət edirlər. 

Rəsmi məlumatlardan da görünür ki, şəhərimizin qonaqlarının maraq dairəsində, ilk növbədə, Bakı muzeyləri və tarixi abidələr dayanır. Muzeylərimiz həm eksponat və tarixi məmulatlarla zən­ginlik baxımından, həm də ziyarətçilər üçün yaradılan rahat şəraitə görə maraqları daha artırır. Bu gün muzeylər istənilən xarici ziyarətçiyə Azərbaycanın tarixi, zəngin mədəniyyəti və tarixi şəxsiyyətləri barədə ən dolğun məlumatları ötürmək imkanına malikdirlər. Hazırkı mənzərələrdən görünür ki, ötən ilin eyni dövrü ilə müqayisədə muzeylərdə ziyarətçi fəallığı var. Bu il yay aylarında ölkəmizə gələn turistlərin sayındakı artım muzeylərin ziyarətçi sayına da təsirsiz ötüşməyib. 

Yerli və xarici turistlərin maraq dairəsində olan paytaxt muzeylərini bu il nə qədər turist ziyarət edib, ümumiyyətlə, ötən illə müqayisədə ekskursiyaların sayında artım varmı?

Bu suallara cavab tapmaq üçün paytaxtın bir neçə muzeyinə baş çəkdik, builki vəziyyət barədə dəqiq bilgilər aldıq.

Əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova ilə həmsöhbət olduq. Direktor bildirdi ki, ilin birinci yarsının statistikasına əsasən, bu il muzeyə ziyarətçi axını çox olub. Onun sözlərinə görə,  hazırkı vaxtadək təkcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin özünə 5668  nəfər ziyarətçi gəlib. Bunlardan 350 nəfəri xarici zitarətçi olub, ümumilikdə, muzeydə 523 ekskursiya aparılıb.

– Bizim muzeyin tabeliyində üç ev muzeyi fəaliyyət göstərir. Qara Qarayevin ev-muzeyinə qeyd olunan vaxt ərzində 594 nəfər ziyarətçi gəlib, onlardan  44  nəfəri  xarici  ziyarətçi olub, 87  ekskursiya  aparılıb. Niyazinin  mənzil-muzeyini  728  nəfər ziyarət edib, onlardan 19 nəfər  xarici  ziyarətçi olub, 66 ekskursiya aparılıb. Vaqif Mustafazadənin ev-muzeyinə isə 603  nəfər ziyarətçi gəlib,  onlardan  89  nəfəri  xarici  ziyarətçi olub, 28 ekskursiya aparılıb. Bundan başqa, muzeydə təşkil etdiyimiz xalq çalğı alətləri daimi sərgisinə 495  ziyarətçi  gəlib,  20 ekskursiya  aparılıb. Bütün bunları nəzərə alıb qeyd edə bilərik ki, bu ilin birinci yarısında Azərbaycan Musiqi  Mədəniyyəti Dövlət  Muzeyinə və onun  filiallarına, ümumilikdə,  cəmi 8088  nəfər ziyarətçi gəlib ki, onlardan 502 nəfəri xarici qonaqlar olub 

Üz tutduğumuz növbəti ünvan - İstiqlal Muzeyi də yerli və xarici ziyarətçilərin maraq dairəsindədir. Muzeyin direktoru Sədi Mirseyibli bildirdi ki, bu ilin birinci yarsı ötən ilin eyni dövrü ilə müqayisədə rəhbəri olduğu muzeyə ziyarətçi axınında artım müşahidə edilir:

– Orta və ali məktəblərin fəaliyyəti dövründə muzeyimizə kütləvi marağın artdığı müşahidə edilib. Yəni bu il şagir və tələblərin muzeyi ziyarətlərində artım olub. Bilirik ki, Azərbaycan artıq turizm ölkəsinə çevrilir. Yay aylarında muzeyi ziyarət edən xarici qonaqların sayında da artım nəzərə çarpır. Muzeydə yerli və xarici qonaqlara Azərbaycan, rus və ingilis dilində informasiyalar çatdırılır. Muzeyə daxil olan heç bir ziyarətçi buradan məlumatsız gedə bilməz. Son altı ay ərzində muzeydə 192 ekskursiya aparılıb. Bu müddət ərzində, təxminən, 5 min civarında yerli ziyarətçi – məktəbli, şəhid ailələri, hərbi qulluqçu və 750-dək xarici turist muzeyi ziyarət edib. Ümumilikdə, bu il İstiqlal Muzeyinə gələn ziyarətçilərin sayında artım olduğunu deyə bilərik.

Milli Azərbaycan Tarixi Muzeyi də ziyarətçi fəallığına görə ilk sıralardadır. Muzeyin beynəlxalq  və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zümrüd İsmayılova təmsil etdiyi qurumun ekspozisiyalarına ziyarətçi marağının artdığını və ötən illə müqayisədə bu il daha dinamikliyin olduğunu söylədi.

– Hazırkı vaxtadək 9730 ziyarətçi muzeyimizin qonağı olub. Ziyarətçilər arasında xarici ölkə vətəndaşları da var. İstər turistlərin, istərsə də ekspedisiyaların sayında əvvəlki illərlə müqayisədə artımın olduğunu söyləyə bilərik. Aprel ayında muzeyimizin yeni ekspozisiyasının təqdimatı keçirildi. Yeni ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə, ümumilikdə, 26 zaldan  ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər olan, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlər nümayiş edilir. Muzeyimizə olan marağın artmasına və turist sayına təsir edən amillərdən ən başlıcası yeni ekspozisiyanın fəaliyyətidir.

Paytaxtda yerləşən digər mədəniyyət xəzinələrimizdə də ziyarətçi marağının mövcud vəziyyətini öyrəndik. Qənaətimiz bu oldu ki, irili-xırdalı digər muzeylərdə də oxşar fəallıq mövcuddur.

Ceyhun ALIŞLI

 

Mədəniyyət