Azərbaycanın ardıcıl və prinsipial sülh çağırışları

post-img

Sözümüzü Asiyada da açıq deyirik, Avropada da

Əslində, ölkəmizin xarici siyasətdəki çoxvektorluluq ənənəsi 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl də mövcud idi. Ancaq son zamanlar, xüsusilə, hələ başa çatmayan iyul ayında bu istiqamətdə atılan addımlarımız, sözün həqiqi mənasında, tarixi əhəmiyyət kəsb edir. 

Yeni faktlar sübut edir ki, beynəlxalq aləmdə Azərbaycana olan inam və eti­mad hətta, hər həftə, hər gün artır. Cə­nab Prezidentin London səfəri zamanı bir vətəndaş kimi məni məmnun edən əsas fakt Avropanın bir neçə dövlət və hö­kumət başçılarının Azərbaycan lideri ilə görüşmək üçün müraciət etməsi oldu. 

Oksfordda keçirilən görüşlərin, demək olar ki, hamısı “qarşı tərəfin müraciətinə əsasən” reallaşdırılmışdır. O da sevindiri­ci haldır ki, vaxtilə bütün dünyaya meydan oxuyan, bu gün isə Avropanın ən güclü iqtisadiyyatına sahib olan Almaniyanın Federal Kansleri Olaf Şolts da öz ölkəsi­nin məsul şəxsləri vasitəsilə Azərbaycan Prezidenti ilə görüşmək istəyini bildirmiş və həmin görüş keçirilmişdir. 

Xarici siyasətimizdəki çoxvektorlu­luq tendensiyasını qabardarkən nə üçün məhz iyul ayındakı faktları yada salırıq? Çünki dövlət başçımızın bu ayda iştirak etdiyi beynəlxalq tədbirlər bizim qarşımız­dakı hədəflərə çatmağımız üçün böyük uğurlara zəmin yaradır. Prezident İlham Əliyevin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada təşkil olunan Zirvə toplantısı çərçivəsində keçirdiyi Avrasiya miqyaslı görüşlər və söylədiyi fikirlər, iyu­lun 6-da Şuşada Türk Dövlətləri Təşkilatı­nın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması, iyulun 11-də Pakistan İs­lam Respublikasına dövlət səfəri zamanı apardığı danışıqlar və imzalanan sənəd­lər, eləcə də iyulun 18-də London səfəri zamanı şahidi olduğumuz tarixi faktlar sü­but edir ki, bizim üçün artıq heç bir ölkə ilə problem qalmayıb. Fransa və Ermənistan isə özləri özlərinin probleminə çevriliblər. 

Mən indi öz fikirlərimi iki mühüm tədbi­rin materiallarından seçdiyim iqtibaslarla davam etdirmək istəyirəm. 

Birinci iqtibas:

Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivə­sində əməkdaşlığı gücləndirmək səy­lərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbay­canın iştirakını alqışlayır. 

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurul­ması haqqında Birgə Bəyannamə”dən. 

3 iyul 2024-cü il

Xatırladaq ki, Azərbaycan ilə Çin ara­sında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası mü­nasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan – Çin siyasi əlaqələri tarixi­nin ən yüksək səviyyəsindədir. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Çin hər zaman Azərbaycanın ərazi bü­tövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib. Elə ona görə də, görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldil­məsinə dair qərar verib və Strateji Tərəf­daşlığın Qurulması haqqında Birgə Bə­yannamə ilə çıxış ediblər.

İkinci iqtibas: 

“Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və Ümu­mAvropa qaz təchizatçısı adlandırmış­dır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi ye­rinə yetirmək üçün əlimizdən gələni et­məyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastruktu­rumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq”.

Azərbaycan Prezidenti İlham Əliye­vin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” möv­zusunda “dəyirmi masa”dakı çıxışın­dan.

Mən Asiyanın iqtisadi, elmi-texniki və hərbi nəhəngi olan Çin Xalq Respublikası ilə mövcud əməkdaşlığımızın səviyyəsin­dən və Londonda “Avropa Siyasi Birliyi”­nin 4-cü Zirvə toplantısı çərçivəsində bizə göstərilən etimaddan məmnunluq ifadə edirəm. Ancaq otuz ilə qədər Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxla­yaraq viranəyə çevirmiş işğalçı Ermənis­tan hərbçiləri Prezident İlham Əliyevin Pakistan səfərindən vahimələnirlər. Er­məni hərbçi Nikol Paşinyan iqtidarına xi­tabən deyir: “Siz nə bilirsiniz ki, Azərbay­can Prezidentinin təyyarəsini müşayiət edən Pakistan qırıcılarını sabah, ya da o biri gün Azərbaycan Ordusunun arsena­lında görməyəcəksiniz?”

Yeri gəlmişkən, dövlət başçımızın As­tana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyimiz səylər, Mərkə­zi Asiya ölkələri ilə münasibətlər ( son zamanlar həmin ölkələrlə birlikdə təşkil edilən hərbi təlimdə Azərbaycan əsgərləri özünəməxsus uğurlara imza atıblar), As­tanada Rusiya Prezidenti Vladimir Putinlə görüş, Pakistan səfəri və başqa məqam­lar çoxdan davam etdirdiyimiz siyasətin yeni zamanın tələblərinə uyğun olaraq modernləşdirilməsidir. Ancaq bizim üçün yeni olan bir məqam da var. Bu yenilik iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin dördüncü maddəsinin beşinci bəndində öz əksini tapıb. 

Xatırladaq ki, Pekin hələ xeyli müd­dət əvvəl də BRICS-in genişləndirilməsi çağırışı ilə çıxış edirdi. Bu təşkilat sürət­lə inkişaf edən beş ölkədən (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ibarət qrupdur. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləş­məsi ilə əlaqədar olaraq 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşıma­ğa başlamışdır.

Bəs Pekin nə üçün bu qrupun geniş­ləndirilməsini istəyir və Azərbaycan nə üçün bu qrupla əməkdaşlığa meyllidir? Ekspertlərin fikrincə, yeni üzvlərin qoşul­ması ilə BRICS öz iqtisadi potensialını və dünya iqtisadiyyatındakı payını artı­raraq ümumdünya iqtisadiyyatına təsir vasitəsinə və yeni dünya nizamının mü­hüm tərkib hissəsinə çevriləcək. “Bloom­berg”in hesablamalarına görə, 2040-cı ilə qədər qlobal ÜDM-in 45 faizə qədəri BRICS ölkələrinin payına düşəcək. Bu isə G7 ölkələrinin sahib olacaqlarından iki dəfə çoxdur. Azərbaycana bu sahədə də uğurlar olsun! Ölkəmizin Qoşulma­ma Hərəkatındakı möhtəşəm fəaliyyəti sübut edir ki, biz bu il noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransına (COP29) da mükəmməl hazırlaşacaq və möhtəşəm tədbirə xalqımızın adına layiq evsahibliyi edəcəyik. 

Nəhayət, qətiyyətlə deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimi­zin yaratdığı yeni reallıqlar Azərbaycanın xarici siyasətinin qarşısında yeni üfüqlər açır. Üfüqümüz həmişə işıqlı, yolumuz ay­dın, ordumuz qüdrətli olsun! AMİN!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist



Siyasət